Ustad Misbah Yəzdi Namazın qəbul olunması üçün hansı dörd şərtləri qələmə almışdır?!
Namazın ilk qəbul şərti - İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə çatmaq ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq sadəcə, vəzifəyə əməl etməkdir. Bu əməllərlə əzabdan qutarmaq olar. Amma kamilliyə çatmaq üçün başqa şərtlər vardır...
Namaz vasitəsi ilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir. İmam Sadiq (ə) qüdsi hədislərin bəyanı ilə namazın bəzi qəbul şərtlərini açıqlayır. İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə öz kiçikliyini daha çox anlayıb daha çox təvazö göstərir.
Allahın əzəmətinin daha yaxşı dərk olunması üçün həzrət Peyğəmbərdən (s) bir rəvayət nəql edirik: Peyğəmbər (s) zamanında ətir satmaqla məşğul olan Zeynəb adlı bir qadın var idi. O, ən yaxşı ətirlərini həzrət Peyğəmbərə (s) satarmış. Bir gün Zeynəb Həzrətdən (s) xahiş etdi ki, ona Allahın əzəmətindən danışsın. Həzrət buyurdu: «Sən Allahın xilqətinin əzəmətini dərk etmədən Onun əzəmətini dərk edə bilməzsən. Bu yer öz dənizləri, dağları, böyük şəhərləri ilə birlikdə birinci səma üçün səhradakı halqa kimidir.
Birinci səma ikinci, ikinci səma üçüncü, nəhayət, yeddinci səma Allahın ərşi üçün geniş bir səhradakı halqa mislindədir». Hal-hazırda astronomlar bizim planetdən milyardlarla işıq ili uzaqda olan planetlər kəşf ediblər. Yəni günəş sistemi hazırkı əzəməti ilə qalaktikada olduqca kiçik bir sistemdir. Bu barədə dərindən düşündükdə Allahın məxluqunun əzəmətindən elə heyran olursan ki, Allahın öz əzəməti qarşısında bir söz tapıb deyə bilmirsən. Bu əzəmət insanı təvazöyə vadar edir.
İkinci şərt
Namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Namazın qəbulu üçün insan Allah xatirinə nəfs istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Namaz hara, günah hara! İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. «Məryəm» surəsinin 58-ci ayəsində buyurulur: «Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar». Növbəti ayədə isə belə buyurulur: «Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi». Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
Üçüncü şərt
Namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir. Az da olsa dili daim Allahın zikrində olan insanlarla rastlaşırıq. «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz».(«Nur» surəsi, ayə 37.)
Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai buyurur: «Əzizini əldən vermiş insan gündəlik işi ilə məşğul ola bilirsə, böyük ilahi insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər».
Dördüncü şərt
Allah qarşısında təvazö göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab oluna bilər. Bilirik ki, İslamda yalnız qeyd olunmuş şeylərin zəkatı vacibdir. Amma sədəqə, nəfəqə kimi müstəhəb zəkatları da unutmaq olmaz. «Məryəm» surəsinin 31-ci ayəsində buyurulur:«(Məryəm deyir) O, harada oluramsa olum məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı».
Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək, bəndələr qarşısında təvazö, onlara yardım namazın qəbul şərtlərindəndir. Namazın digər bir qəbul şərti çılpaqları geyindirməkdir. İnsanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sığınacaq vermək hər birimizin müsəlmanlıq vəzifəmizdir.
Qəbul olunmuş namazın təsirləri
Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyadaca görə bilərlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışla insanın günahkar, yoxsa abid olduğunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. «Hədid» surəsinin 28-ci ayəsində buyurulur: «…Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (Onun yolu ilə) getməyiniz üçün nur bəxş edib sizi bağışlasın».
Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az olmayıblar. Ariflərdən biri nəql edir ki, gecə kor tələbənin hücrəsinə girərkən gördüyüm səhnədən heyrətə düşdüm. Onun gözlərindən əlindəki Qurana iki şüa yönəlmişdi! Bəzən həyatda elən insanlarla qarşılaşırsan ki, səbr kasanı daşdırır. Belə məqamlarda insanın özünə nəzarət etməsi olduqca çətindir. Amma namazı qəbul olunmuş şəxslərə gözəl səbr əta olunur. Ömrü faydalı olduğundan Allah belə insanları mələklərlə hifz edir. Onun duası qəbul olur. O behişt çiçəkləri kimi həmişə təravətlidir. Onda dini elmlərə olan maraq sabit və ülvidir.
Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri/ Müəllif: Ustad Misbah Yəzdi