Məsxərə və istehzanın pis aqibəti haqda Qurani Kərim nə buyurur?!
Şübhəsiz, istehza edən şəxs böyük bir günaha batmış olur. Həmin kəs bunun ardınca öz əməlinin pis aqibətini gözləməlidir, çünki heç bir əməl əvəzsiz qalmır:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). («Zilzal»-7,8).
Qəflət, etinasızlıq və məsuliyyətsizlik boşboğazlıq və başqalarını məsxərəyə qoymağın pis nəticələrindəndir. Bu xəstəliyə düçar olanlar təbii olaraq, Allahı yaddan çıxarıb ibadətdən ləzzət almırlar, yəni ibadət edərkən öz fikirlərini bir yerə toplaya bilməyib könülsüz, ikrah hissi ilə onu yerinə yetirərlər.
"Qurani-Kərim”də buyurulanlardan belə başa düşülür ki, qəflət yuxusuna qərq olmağın və Yaradanı unutmağın səbəblərindən biri də möminlərə rişxənd edib onları təhqir etməkdir, çünki mömin bəndələr, dini şəxsiyyətlər və peyğəmbərlər şəriətin fəxridirlər. Onların bu ali məqamına etinasızlıq müvəffəqiyyətsizlik və qəlbin qaralmasına səbəb olub, nəhayət, insanı azğın cəhənnəm əhli ilə yanaşı saxlay Allah-təala öz müqəddəs Kitabında cəhənnəm əhlinin ağır vəziyyətini, onlardan necə hesab çəkiləcəyini təsvir və şərh edib onların dəhşətli cəhənnəm əzabından azad olmaq üçün dözümsüzlüyünə və vahimələnməyinə işarə edərək:
"Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!" -deyə cavab verər. Sonra isə buyurur:
"Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki,) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!" («Muminun» - 109, 110, 111).
İndi ki möminlərə istehza etmək və onlara ehtiramsızlıq göstərmək Allahı unutmağa səbəb olan amillərdən biri kimi məlum oldu, bilmək lazımdır ki, əgər bir şəxs elə bu halda tövbə etmədən dünyadan köçərsə, onu dəhşətli əzab və ağır bir həyat gözləyir. Həmin şəxs məhşərə kor halda daxil olub Allahın mərhəmətindən uzaq olacaqdır. Allah-təala «Quran»da buyurur:
"Hər kəs Mənim öyüd-nəsihətimdən («Quran»dan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" O, belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!" (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!" («Taha» - 124,125,126)