Həqiqi şiəliyin nişanəliyi haqqında məsumlar hansı xüsusiyyətləri buyurublar?!


Şiəliyin nişanələri:

1. İman qardaşlarına qarşı əliaçıqlıq.

İmam Sadiq (ə) zikr olunmuş rəvayətdə əliaçıqlıq və bəxşişi şiələrə layiq birinci sifət kimi tanıtdırır. İnsan öz ailə üzvlərinə diqqətli olduğu kimi din qardaşlarına da diqqətli olmalıdır. İmkanlı müsəlman imkansız müsəlmanın ehtiyaclarını ödəməyə borcludur. Mömin qardaşı xəstələnərkən və ya səfərdən qayıdarkən onun görüşünə getmək şiənin ibtidai vəzifələrindəndir. Əlbəttə ki, bütün əxlaqi göstərişlərə əməl etmək çətindir. Məsələn, evdə ehtiyac olmayan əşyaları, kitabları satıb dostun ehtiyaclarına sərf etmək o qədər də asan deyil.

2. Əlli bir rəkət namaz.

Şiələr öz ibadətləri ilə də seçilirlər. Əhli-beyt Allaha yaxın olduğu üçün seçilir. Onlar ibadət və bəndəlikdə hamıdan irəlidə olduqlarından, özünü şiə bilənlər də ibadətləri ilə seçilməlidirlər. Şiələrə əlli bir rəkət namaz qılmaq sifariş olunmuşdur. Bu əlli bir rəkətin on yeddi rəkətini gündəlik vacib namazlar təşkil edir.

3. Davakar olmamaq.

Millətlər arasında hər çirkin sifəti müəyyən bir heyvana aid bilmək kimi adət var. Məsələn, heyvanlar arasında it yeri gəldi-gəlmədi hücum etməsi, davakarlığı ilə seçilir. Tanımadığı adamı görən it hökmən ona hücum edir. Onun bu hərəkəti xarakterindəki davakarlığın nişanəsidir. Müəyyən obyektləri qorumaq üçün hətta itlərə keşikçilik təlimi də keçirilir. Beləcə, itdə olan davakarlıq xüsusiyyətindən faydalı şəkildə istifadə edilir. Amma insanın tanımadığı insana qarşı davakar münasibəti normal sayıla bilməz. Amma tanışlara qarşı davakarlıq heç itdə də müşahidə olunmur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr it kimi davakar olmazlar».

4. Tamahkarlıq.

Tamahkarlıq ən çox qarğada müşahidə olunan sifətdir. Bu quş ac olmadığı vaxtda da əlinə keçəni toplayıb gələcək üçün ehtiyat yığır. Qarğa qoz yığıb basdırması ilə məşhurdur. Hətta belə bir məlumat var ki, təbiətdəki qoz ağacının əksəriyyətini qarğalar əkib. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr qarğa kimi tamahkar olmaz». Yəni Əhli-beyt ardıcıllarında ehtiyacından artıq var-dövlət toplamaq həvəsi müşahidə edilməməlidir. Əhli-beyt (ə) öz şiələrini heyvani sifətlərdən uzaq olmağa çağırır.

5. Əhli-beyt düşmənləri qarşısında vüqar və onlardan uzaqlıq.

İslamın təkid etdiyi bəyənilmiş sifətlərdən biri izzəti-nəfs, yəni ehtiyacını bildirməyib vüqarlı dayanmaqdır. İnsan imkan daxilində başqalarına, hətta ata-anasına da ağız açmamalıdır. Əlbəttə ki, insan bəzən başqalarının köməyinə ehtiyac duya bilər. Məsələn, gecə yarı ağrısı tutmuş ailə üzvünü xəstəxanaya aparmaq üçün qonşunun avtomobilinə ehtiyac yarana bilər. Amma bu günkü dünyada başqalarının köməyi olmadan yaşamaq olduqca çətindir. Bəs kimdən kömək istəmək olar? İmam Sadiq (ə) buyurur: «Bizim şiələr bizim düşmənlərimizlə qonşu olmaz, acından ölsələr belə bizim düşmənlərə ağız açmazlar». Əhli-beytin əxlaqi göstərişlərində tapşırılır ki, imkan daxilində möminlərdən və Əhli-beyt şiələrindən kömək istəyin və günahkarlardan, Əhli-beyt düşmənlərindən minnət götürməyin. Hədisdə cahillər yox, inadkar düşmənlər nəzərdə tutulub. Nadanların hidayət olmasına ümid itmədiyindən onlarla əlaqə saxlamaq faydalı ola bilər. Bəziləri isə inadkarcasına düşmənçilik edirlər. Qeyrətli şiə belələrinə ehtiyacını bildirməməli, onlara ağız açmamalıdır.

6. Bütün hökmlərdə Əhli-beytə tabeçilik.

Bəzi hökmlərə münasibətdə məzhəblərin nəzəri fərqlidir. Məsələn, Əhli-beyt ilanbalığının ovunu haram bildiyi halda, digər məzhəblər onun ovunu və yeyilməsini halal hesab edirlər. Məsələn, başqa məzhəblərdə xüsusi hallarda dəstəmaz zamanı ayaqqabının üstündən məsh çəkməyi mümkün hesab etdiyi halda, Əhli-beyt bu işə icazə vermir. İslamın ilkin dövrlərində ərəblər xurma və kişmişi isladar, bir müddət sonra onun suyunu içərdilər. Bu suda zəif məstedicilik xüsusiyyəti olardı. Əhli-beyt bu içkini spirtli içkilərə aid edərək haram buyurmuşdur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr ilanbalığı yeməkdən imtina edər, ayaqqabı üstündən məsh çəkməz, zöhr namazı və onun nafiləsini düzgün yerinə yetirər və spirtli içkidən istifadə etməzlər».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter