Şayiə yayanlara qarşı mübarizə yolu haqda Məsum İmamlar hansı tapşırıqları verirlər?!


Şayiə yayanlara qarşı mübarizə yolu müxtəlifdir. Biz onlardan yalnız ikisini qeyd edirik:

1. Eyib tutanlardan uzaqlaşmaq

İmam Sadiq(ə) belə insanları milçəyə bənzədir. O, bu barədə buyurur: "Milçəyin təmiz və sağlam yerləri tərk edib bədənin yaralı yerlərinə qonması kimi, alçaq və nadan adamlar da napak və murdar yerlərdə oturub başqalarının eybini araşdıraraq onların yaxşı cəhətini görməməzliyə vururlar.” Buna görə də onlardan uzaqlaşmaq vacibdir. Belə şəxslərlə nəinki yoldaşlıq etmək olmaz, hətta onlara qarşı düşmən münasibət də bəsləmək lazımdır. Həzrət Əli(ə) buyurmuşdur: "Başqalarının eybini axtaran şəxs sənin ən qatı düşmənin olmalıdır.” 

 

2. Eyib tutanlara qarşı etinasızlıq

Şayiə yayanlara qarşı mübarizə aparmağın bir yolu da onların özünə qarşı etinasızlıqdır. Belə başqasının eybini danışmaqla cəmiyyəti zəhərləyirlər. Bununla da əxlaqsızlıq və günahın yayılması üçün şərait yaradırlar. Demək, şayiə yayanlara qarşı etinasızlıq ən yaxşı mübarizə yoludur. Məhəmməd ibn Füzeyl adlı bir şəxs belə nəql edir: "Yeddinci İmam Musa ibn Cəfər(ə)-ın hüzuruna gedib ərz etdim: 

-Sənə canım fəda olsun, mənim din qardaşlarımın biri haqqında xoşagəlməz bir hadisə danışdılar. Bu söhbət isə mənim heç xoşuma gəlmədi. Eşitdiklərimi onun özündən soruşanda inkar etdi, halbuki bu əhvalatı mənə etibarlı şəxslər danışmışdılar. 

 

İmam Musa ibn Cəfər (ə) buyurdu: 

-Ey Məhəmməd! Öz gözünü və qulağını müsəlman qardaşının sözü qarşısında təkzib et. Əgər əlli nəfər şahid kimi and içib onun barəsində sənə bir söz deyərkən o özü inkar edərsə, onların şahidliyinə etina etmə. Onun sözünü qəbul edib onların sözünə inanma. Heç vaxt onun şəxsiyyətini hörmətdən salan söz-söhbəti camaat arasında yayma, yoxsa Allah-təalanın buyurduğu adamlardan hesab olunarsan: "Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir.”

 

   Başqa bir hədisdə İmam Baqir(ə) buyurur: "Mömin qardaşının yetmiş böyük günahını gizlətmək hər bir möminə vacibdir.” 

Həzrəti-Əli(ə) buyurur: "Camaat! Kim öz din qardaşının din cəhətdən yaxşı müsəlman olmasını bilirsə, onun barəsində deyilən dedi-qodulara qulaq asmasın. Bilin və agah olun, (sözün təsiri oxdan daha güclü və daha ağırdır.) bəzən oxatanın atdığı ox hədəfə dəymir, amma deyilən söz (yalan və batil olsa da) təsirsiz qalmır. Batil sözlər isə məhv olacaq (ondan yalnız danışan üçün günah qalır). Allah eşidəndir, şahiddir. Bilin ki, haqq və batil arasındakı məsafə dörd barmaqdan artıq deyildir.” 

İmamdan bu sözün mənasını soruşanda o həzrət dörd barmağını bir-birinə bitişdirərək qulağı ilə gözü arasına qoydu. Sonra isə buyurdu: "Batil-eşitdiklərin, haqq isə gördüklərindir.” 

 

Bəhsin xülasə və nəticəsi

Şübhəsiz, insanın öz eyiblərini tanımasına böyük ehtiyacı vardır. Bu sahədə başqalarının da nəzərindən faydalanıb paklıq və ixlasına şübhəsi olmayan şəxslərə müraciət edilməlidir. Digər tərəfdən xeyirxah dostlar da onun eyib və qüsurlarını xalq arasında yox, xüsusi olaraq təklikdə deməlidirlər. Əgər bir kəs nəsihət etmək fikri ilə möminlərin günah və eybini camaat arasında deyərsə, şərəfli " möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli əzab gözləyir...” ayəsi ona aid olub, şayiə yayanlardan sayılar. Belə adamlar dünya və axirətdə Allahın dəhşətli əzabına düçar olacaqlar. Ayənin sonunda buyurulan kəlam isə bu günahın nə qədər böyük olduğunu ifadə edir: "..... (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!”

 

Kitabın adı: İslamda əxlaq/   Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter