Əlİ (ə) haqqında əhlİ-sünnət alİmlərİnİn kİtablarında nə deyİLİR?


Həzrət Əli (ə) Kəbədə anadan olmuşdur

Əmirəl-möminin Əli (ə) –ın seçilən xüsusiyyətlərindən biri onun doğulduğu məkandır. Həzrət Adəmdən (ə) Həzrət Muhəmmədə (s) qədər heç bir peyğəmbər və vəsi bu böyük xüsusiyyətə sahib ola bilməmişdir. O, (ə) soy və yaradılışındakı nuraniyyət baxımından seçilmiş olduğu kimi, doğulduğu yer baxımından da seçilmişdir. O, (ə) bu mövzuda təkdir, Kəbədə doğulmuşdur.


İsa ibn Məryəmin (ə) doğumu əsnasında qeybi bir səs onu məsciddən bayıra çıxartdı. Bu səs belə deyirdi: \"Evdən (Beytul-müqəddəsdən) bayıra çıx, bu ev ibadət yeridir,doğum yeri deyil.”


Amma Həzrət Əlinin (ə) doğumu yaxınlaşdıqda anası Əsəd qızı Fatimə Kəbəyə çağırılmışdı. Həm də təsadüfən məsciddə olan və bir anda doğan bir qadın kimi deyil, onu rəsmən Kəbənin içərisinə apardılar. Amma bəzi cahillər Fatimənin məsciddə olduğunu, ani sancılandığını və çıxa bilmədiyi üçün orada doğduğunu zənn edirlər. Halbuki bu belə deyildir! Əsəd qızı Fatimə doğacağı ay Məscidul-hərama getmiş, orada sancılanmış və Kəbənin ətrafında Allah-təalaya doğuşunun asan olması üçün dua etmişdi. Bir an Kəbənin divarı yarıldı və ya bağlı qapısı açıldı (rəvayətlərdə hər ikisi qeyd olunur). Bir səs eşidildi: \"Ey Fatimə, Kəbəyə daxil ol!” Ətrafda olanların gözləri qarşısında Fatimə Kəbəyə girdi, qapı və ya divar ilk halına döndü. Hər kəs təəccüb etdi, orada olan Abbas hadisəni gördükdə o dəqiqə Əbu Talibə (r.ə) xəbər verdi. Kəbənin açarları Əbu Talibdə (r.ə) idi. O, tələsik gəldi və nə etdilərsə heç cür qapını aça bilmədilər.


Fatimə tam üç gün, zahirən heç bir yemək və baxıcı olmadan Kəbədə qaldı. Bütün Məkkədə onun barəsində danışılırdı. Üçüncü gün Fatimə Kəbənin hansı yerindən girmişdisə o yerdən də çıxdı. Xalq Fatimənin qucağında ay parçası kimi bir uşaq olduğunu gördü.
Həzrət Əli (ə) bax beləcə Kəbədə doğulma şərafətinə sahib oldu. O Həzrətin (ə) anası xüsusi bir dəvətlə dəvət edilmişdi. Bu hadisə hər iki məzhəbin ittifaq etdiyi bir mövzudur. Heç kəs belə bir üstünlüyə sahib ola bilməmişdir. Bu səbəbdən Hakim \"Müstədrək” və İbn Səbbağ Maliki \"Füsulul-muhimmə” kitabının 1-ci fəslinin 14-cü səhifəsində belə deyir: \"Həzrət Əlidən (ə) əvvəl heç kəs Kəbədə doğulmamışdır. Allah-təala onu ucaltmaq, mərtəbəsini yüksəltmək və ikram olsun deyə, sadəcə ona bu şərafəti vermişdir.”


Həzrət Əlinin (ə) adının qeyb aləmindən qoyulması

Bütün səmavi kitablarda Muhəmməd (s) və Əlinin (ə) adı peyğəmbər və İmam olaraq zikr edilmişdir. \"Muhəmməd” və \"Əli” adını Allah-təala yaradılışdan minlərcə il əvvəl seçmişdir. Bütün göylərdə, cənnət qapılarında və ərşdə qeyd edilmişdir. Allah-təala onun adını Peyğəmbərin (s) adıyla birlikdə qeyd etmişdir. Bu səbəbdən Muhəmməd ibn Cərir Təbəri \"Təfsiri-kəbir”də, ibn Əsakir \"Tarix”də Həzrət Əlinin (ə) əhvalatları daxilində, Muhəmməd ibn Yusif Gənci Şafei \"Kifayətut-Talib” kitabının 62-ci babında, Hafiz Əbu Nəim \"Hilyətul-övliya”da və Şeyx Süleyman Bəlxi Hənəfi \"Yənabiul-məvəddə” kitabının 238-ci səhifəsində, 56-cı bab, 52-ci hədis (İstanbul çapı) sənədilə İmamul-hərəmiş-şərif Əhməd ibn Abdullah Təbəri Şafeinin \"Zəxairul-uqba” kitabından nəql edərək fərqli təbirlərlə Əbu Hureyrədən Peyğəmbərin (s) belə buyurduğunu qeyd etmişlər: \"Ərşin sütununda \"La ilahə illəllah vəhdəhu la şərikə ləh və Muhəmmədun əbdi və rəsuli, əyyədtuhu bi Əliyyibni Əbi Talib.” \"Allah birdir, Allahdan başqa tanrı yoxdur, bərabəri və ortağı da yoxdur. Muhəmməd (s) mənim qulum və rəsulumdur və Mən onu Əli (ə) ilə gücləndirdim” yazılmışdır.


Cəlaləddin Süyuti \"Xəsaisul-kubra” kitabının 1-ci cildinin 10-cu səhifəsində və \"Durrul-mənsur” kitabında İsra surəsinin əvvəlində İbn Ədiy və İbn Əsakirdən nəql edərək Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu qeyd etmişlər: \"Merac gecəsi ərşin sütununda belə yazıldığını gördüm: \"La ilahə illəllah Muhəmmədun rəsulullah, əyyədtuhu bi Əliyyin” \"Allahdan başqa tanrı yoxdur, Muhəmməd (s) Allahın elçisidir və onu (s) Əli (ə) ilə gücləndirdim.”


\"Yənabiul-məvəddə” kitabının 207-ci səhifəsində İmamul-hərəmi-şərif Əhməd ibn Abdullah Təbəri Şafeinin \"Zəxairul-uqba” kitabından nəql olunaraq Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilir: \"Merac gecəsi yüksək mələkut aləminə çatdıqda ərşin sağ sütununa baxdım. Orada belə yazılmışdı: \"Muhəmməd (s) Allahın Rəsuludur, onu (s) Əli (ə) ilə təyid etdim və ona (s) Əli (ə) ilə yardım etdim.”


\"Yənabiul-məvəddə” kitabının 234-cü səhifəsində, 19-cu hədisdə \"İmamul-hərəmin Kitabus-Səbin” kitabında Fəqih Vasiti ibn Məğazəli Şafeinin \"Mənaqib”indən nəql edərək, Mirseyid Əli Həmədani Şafei \"Məvəddətul-qurba”nın 6-cı məvəddəsində 2 hədis, Xətib Xarəzmi \"Mənaqib”də, İbn Şirəveyh \"Firdovs”da, İbn Məğazəli Şafei \"Mənaqib”də Cabir ibn Abdullahdan Peyğəmbərin (s) belə buyurduğunu qeyd etmişlər: \"Cənnətin qapısında belə yazılmşdır: \"La ilahəilləllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah, əxu Rəsulillah qəblə ən yəxluqəss-səmavati vəl-ərzi bi-əlfəy amin” \" Allahdan başqa tanrı yoxdur, Muhəmməd (s) Allahın elçisidir, Əli (ə) Allahın vəlisi və Peyğəmbərin (s) qardaşıdır; göylə yer yaradılmadan 2 min əvvəl.”


Fəqih Mirseyid Əli Həmədani Şafei \"Məvəddətul-qurba” kitabının 8-ci məvəddəsində Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu rəvayət edir: \"Dörd yerdə sənin adını öz adımın yanında gördüm:

1. Merac gecəsi Beytul-müqəddəsə çatdıqda orada daşa yazıldığını gördüm: \"Allahdan başqa tanrı yoxdur, Muhəmməd (s) Allahın Rəsuludur və onu (s) vəziri olan Əli (ə) ilə təyid etdim.”

2. Sidrətul-muntəhaya çatdıqda orada belə qeyd edildiyini gördüm: \"Mən Allaham, məndən başqa tanrı yoxdur, Muhəmməd (s) mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli (ə) ilə yardım etdim.”

3. Rəbbul-aləminin ərşinə çatdıqda sütunlarına belə yazıldığını gördüm: \"Mən Allaham Məndən başqa tanrı yoxdur, Muhəmməd (s) Mənim həbibimdir. Xalq arasında ona (s) vəziri olan Əli (ə) ilə yardım etdim.”

4. Cənnətə çatdıqda qapısında belə yazıldığını gördüm:

\"Mən Allaham Məndən başqa tanrı yoxdur, təkəm, Muhəmməd (s) Mənim həbibimdir. Xalq arasında ona (s) vəziri olan Əli (ə)ilə yardım etdim.”


İmam Sələbi \"Kəşful-bəyan” təfsirində, Şeyx Süleyman Bəlxi Hənəfi \"Yənabiul-məvəddə”nin 23-cü babında Hafiz Əbu Nəim İsfahanidən nəql edərək, Muhəmməd ibn Cərir Təbəri \"Təfsir”də, İbn Əsakir \"Tarix” kitabında İbn Abbas və Əbu Hureyrədən nəql edərək \"O, səni yardımıyla dəstəkləyəcəkdir...” (Ənfal 62) ayəsinin Həzrət Əli (ə) haqqında nazil olduğunu rəvayət edərək Rəsulullahın (s) belə buyurduğunu nəql etmişdir: \"Ərşdə belə yazıldığını gördüm: \"Allahdan başqa ilah yoxdur, birdir, bərabəri yoxdur. Muhəmməd (s) Mənim qulum və elçimdir. Onu (s) Əli ibn Əbu Taliblə (ə) gücləndirdim və yardım etdim.”


Həmçinin \"Şəfa” və Mənaqib” kitablarında bu məzmunda başqa hədislər də rəvayət edilir. Beləcə \"Muhəmməd” və \"Əli” adları bilavasitə Allah-təala tərəfindən seçilmişdir.

İmam Sələbi \"Kəşful-bəyan” təfsirində, Şeyx Süleyman Bəlxi Hənəfi \"Yənabiul-məvəddə”nin 24-cü babında Fəqih Vasiti ibn Məğazəli Şafeidən \"Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr aldı və tövbə etdi. Şübhəsiz Allah tövbələri qəbul edən və mərhəməti bol olandır” (Bəqərə 37) ayəsinin təfsirində Səid ibn Cubeyr və İbn Abbasdan belə rəvayət edir: \"Peyğəmbərdən (s): \"Adəmin aldığı və tövbəsinin qəbuluna səbəb olan kəlmələr nələrdir?” -deyə soruşduqda o Həzrət (s) belə buyurdu: \"Allahdan Muhəmməd (s), Əli, (ə) Fatimə(s.ə), Həsən (ə)və Hüseynin (ə) haqqı üçün bağışlanmasını istədi, Allah-təala da tövbəsini qəbul edib onu bağışladı.” \\


Mirseyid Əli Həmədani \"Məvəddətul-qurba” kitabının 8-ci məvəddəsində Abbas ibn Əbdul-Müttəlibdən nəql edərək, Süleyman Bəlxi Hənəfi \"Yənabil-məvəddə”nin 56-cı babında və Muhəmməd ibn Yusif Gənci Şafei də \"Kifayətut-Talib” kitabında 100 babdan sonra 7-ci babında az bir fərqliliklə belə rəvayət etmişlər: \"Əli (ə) doğulduqda anası, atasının adı olan \"Əsəd” adını ona verdi. Əbu Talib (r.ə) bu adla razı olmadı və ona belə dedi: \"Ey Fatimə, bu gün Əbu Qubeys dağına (bəzilərinə görə isə Məscidul-hərama) gedək. Allahdan bu uşaq üçün ad istəyək.”

Birlikdə axşam olduqda Əbu Qubeys dağına (və ya Məscidul-hərama) gedib dua etdilər. Əbu Talib duasını şer şəklində belə bəyan etdi:

Ya Rəbbim! Ey qaranlıq gecənin sahibi!

Və aydınladan ayın Rəbbi!

Gizli əmrini bizə bəyan et.

Bu körpənin adını nə qoyaq?

O anda göydən bir səs gəldi. Əbu Talib (r.ə) başını qaldırdıqda, üzərində dörd sətirdən ibarət yaşıl bir lövhə gördü. O dəqiqə lövhəni götürüb bağrına basdı. Lövhənin üzərində bu şer yazılmışdı:

Sizlərə təmiz bir uşaq verdik;

O, pak, seçilmiş və bəyəndiyin biridir.

Adı Allah-təala tərəfindən Əlidir (ə);

Ki, Əliyyul-Əladan alınmışdır.

Muhəmməd ibn Yusif Gənci Şafei isə \"Kiifayətut-Talib” adlı əsərində qeybdən bir səs gəldiyini və Əbu Talibə (r.ə) cavab olaraq belə
deyildiyini yazır:

Ey Peyğəmbərin (s) Əhli-beyti (ə)!

Sizlərə təmiz bir övlad verdim.

Onun adı Əlidir (ə);

Əliyyul-Əladan alınmışdır.

Əbu Talib (r.ə) çox sevindi və səcdə etdi. Daha sonra on dəvə qurban kəsdi və o lövhəni Məscidul-həramda asdı. Haşim övladları
Qureyşə qarşı o lövhə ilə öyünürdü. O lövhə Həccacın Abdullah ibn Zübeyrlə etdiyi döyüşə qədər orada dururdu, sonra isə itdi.”

Həzrət Əli (ə)-ın şəcərəsi

Əsil-nəcabət baxımından Həzrət Əli (ə) həm ana, həm də ata tərəfindən böyük şərafətə sahibdir. Bu da onun məxsus fəzilətlərindən biridir.
Həzrət Əlinin (ə) əcdadı digərlərinin əksinə olaraq Həzrət Adəmə (ə) qədər hamısı müvəhhid və tovhid əhli olmuşdur. Bu təmiz sülb heç bir kirli rəhimdə yer almamışdır. Bu böyük iftixar əshabdan heç birinə nəsib olmamışdır. Həzrət Əlinin (ə) şəcərəsi belədir:
1. Əbu Talib (r.ə) Əbdul-Muttəlib oğlu
2. Əbdül-Müttəlib Haşim oğlu
3. Haşim Əbdul-Mənaf oğlu
4. Əbdül-Mənaf Qəsa oğlu
5. Qəsa Kilab oğlu
6. Kilab Mərrə oğlu
7. Mərrə Kəb oğlu
8. Kəb Luvey oğlu
9. Luvey Ğalib oğlu
10.Ğalib Fəhr oğlu
11. Fəhr Malik oğlu
12. Malik Nəzr oğlu
13. Nəzr Kənanə oğlu
14. Kənanə Xuzeymə oğlu
15. Xuzeymə Mudrikə oğlu
16. Mudrikə İlyas oğlu
17. İlyas Muzir oğlu
18. Muzir Nizar oğlu
19. Nizar Məd oğlu
20. Məd Ədnan oğlu
21. Ədnan Ud oğlu
22. Ud Ədəd oğlu
23. Ədəd Yəs oğlu
24. Yəs Həmis oğlu
25. Həmis Bənət oğlu
26. Bənət Səlaman oğlu
27. Səlaman Həməl oğlu
28. Həməl Qəyuar oğlu
29. Qəyuar İsmayıl (ə) oğlu
30. İsmayıl (ə) İbrahim (ə) oğlu
31. İbrahim (ə) Tarix oğlu
32. Tarix Tahur oğlu
33. Tahur Şaru oğlu
34. Şaru Əbrəcu oğlu
35. Əbrəcu Taliğ oğlu
36. Taliğ Abir oğlu
37. Abir Şalih oğlu
38. Şalih Ərfəxşəz oğlu
39. Ərfəxşəz Sam oğlu
40. Sam Nuh (ə) oğlu
41. Nuh (ə) Ləmək oğlu
42. Ləmək Mətvşəlx oğlu
43. Mətvşəlx Əxnux oğlu
44. Əxnux Yarid oğlu
45. Yarid Məhlail oğlu
46. Məhlail Qəynan oğlu
47. Qəynan Ənvəş oğlu
48. Ənvəş Şeys (ə) oğlu
49. Şeys (ə) Adəm (ə) oğlu
50. Adəm (ə) (bəşər atası)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter