İslam nəzərində şadlıq və möminləri sevindirmək necə dəyərləndirilir?!


Mömini sevindirmək

   Mötəbər dini mənbələrdə bildirilir ki, mömini sevindirmək böyük ibadətdir. Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. İmam Baqir (ə) buyurur: «Allah yanında ən sevimli ibadət möminin qəlbini şadlandırmaqdır»(«Üsuli-Kafi», cild 2, səh. 188.). Əhli-beytdən nəql olunmuş hədislərdə buyurulur ki, mömin bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir(«Biharul-ənvar», cild 74.).

 

Bu sayaq təşviqedici rəvayətlər çoxdur və onlardan birində imam Sadiq (ə) belə buyurur: «And olsun Allaha ki, bir mömin qardaşını sevindirən kəs bizi sevindirmiş, Allah rəsulunun qəlbini şad etmişdir»(«Üsuli-Kafi», cild 2, səh. 182. ). Həmin mənbədə nəql olunmuş digər bir hədisdə həzrət Peyğəmbər (s) buyurur: «Mömini sevindirən bizi şad edir, bizi şad edən isə Allahı sevindirir.»

 

Mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğuna heç bir şübhə qalmır. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə bu onun üçün ibadət hesab oluna bilərmi? İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə hətta mənasız işlərlə, zarafatla, məsxərəbazlıqla mömini sevindirmək bəyənlilməyən işdir.

 

Əlbəttə ki, istisnalar da ola bilər. Əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək olar. Bir daha qeyd edək ki, bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda «Möminun» surəsində buyurulduğu kimi mömin mənasız işlərdən çəkinməlidir.

İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır./ehliwie-samux saytı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter