Şiə sözünün mənası və yaranma tarixi hansı dövrə qayıdır?!
Şiə sözünün mənası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.
Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mənası nəzərdə tutulur.
Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mənası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab:
1.Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mənəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.
Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına təyin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır.
Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:
«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».
Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur.
Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.
2.Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qurani-Kərimdə də işlədilmiş, insanların bəziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:
«Onun (Nuh) şiələrindən biri İbrahim idi».
Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.
Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mötəbər sənədlərlə İbni Abbasdan nəql edir:
«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:
\"İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.
Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu:
Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»
Həmçinin bu mötəbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:
1.Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi;
2.Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani;
3.Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci;
4.Təzkirətu xəvassil-ümmə fi mərifətil ümmə ‒ Sibt ibni Cuzi.
5.Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti;
6.Səvaiq ‒ İbni Həcər;
7.Nihayə ‒ İbni Әsir;
8.Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi;
9.Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki.
Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei \"Məvəddətul-qurba” kitabında və İbni Həcər \"Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:
\"Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.
Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.
Kitabın adı: İttihamla üz-üzə. Müəllif: Mətləb Baqir