Ücb (Özündən razılıq) haqda Allah-Taala (c.c) Hz Davuda (ə) nə buyurmuşdur?!


Ücb (Özündən razılıq)
Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!

İmam Sadiq (ə) buyurur: «Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır.» «Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz.»

İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar».

Mənbə: \"Kumeyl duasının şərhi (1-ci cild)\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter