Tövbəni kamilləşdirən beş müstəhəb əməl hansılardır?!
Yaxşı olar ki, tövbə etmək istəyən insan bəzi müstəhəb qaydalara əməl etsin. Əslində tövbənin həqiqəti odur ki, insan qəlbində peşman olsun. Həmçinin bu peşmançılığı əməlində də nümayiş etdirsin. Haramlardan çəkinsin.
Tövbənin özünəməxsus müstəhəb əməlləri vardır ki, onlarla tanış olaq:
1. Üç gün oruc tutmaq. İmam Sadiq (ə) buyurur: “Allahın əmr etdiyi Nəsuh tövbəsi – çərşənbə günü, cümə axşamı günü və cümə günündə oruc tutmaqdır”.
2. Tövbə qüslü almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, günah etsin, sonra peşman olsun və tövbə etsin, məgər o halda ki, Allah ona bağışlanma ilə nəzər salar”. Sonra Həzrət (s) tövbə etmək istəyən insana buyurur: “Ayağa qalx və qüsl al və Allah üçün səcdə et”.
3. İkirükətli namaz qılmaq. İmam Sadiq (ə) bu haqda buyurur: “O bəndə ki, günah etmişdir, ayağa qalxsın və təharət etsin. İki rükət namaz qılsın. Allahdan bağışlanma istəsin”.
4. Tövbə duasını oxusun. Yaxşı olar ki, tövbə etmək istəyən insanlar Məsumlardan (ə) bizə çatan duaları oxusunlar. O cümlədən: “Səhifeyi-Səccadiyyə”ni, xüsusilə də 31-ci duasını, “Xəmsə əşərə” münacatını oxusun. (Beytutə)
5. İstiğfar. Qurani-Kərim buyurur: “«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram»”. (“Hud” 3)./Deyerler.