Qəlbİ necə nuranİ etmək olar?
Allah-Təala bizləri fitri olaraq, pak yaratmışdır. Ancaq çox təəsüf ki, bizlər zaman keçdikcə yolumuzu azırıq. Qəlbimizin nuraniliyi get-gedə azalır. O yerə qədər ki, bu nur sönür və bizim insaniyyətimizdən heç bir şey qalmır. Bəzən bu zülmətdə fitri paklığımız cuşa gələr və bu zülmətə qarşı mübarizəyə qalxar. Bu zaman qəlbində təşviş və həyəcan hiss edərsən. Bu zaman qəlbimizə etdiyimiz bu pislikləri başa düşməyə başlayırıq. Görəsən nuranilik üçün başqa bir yol vardırmı?
Allahı zikr etmək, ibadət və Onunla ünsiyyət bağlamaq - qəlbi nurani edən amillərdəndir. Tövsiyə olunur ki, daima dəstəmazalı olaq. Gecə namazına və Quran tilavətinə xüsusi diqqət edək. Çünki bütün ibadətlər nurdur, onlara əməl etmək qəlbi nurani edər.
Qəlbi nuraniləşdirməyin yolları:
1. Hikmət və elm.
İmam Əli (ə) buyurur:\"Qəlbini moizə ilə canlandır və ona hikmətlə nur bəxş et”. İnsanın nuraniliyinin səbəblərindən biri elmdir.
Hədislərdən görmək olur ki, elm elə bir nurdur ki, Allah Təala istədiyi hər bir bəndənin qəlbinə sala bilər. Alimlərlə oturub-durmaq çox faydalıdır. Yaxşı olar ki, həftədə heç olmasa bir dəfə alimlərin xütbəsində iştirak edək. Əhli-beyt (ə) hədislərinə və Quran ayələrinə qulaq asaq. Qəlbimizi cəhalətdən qurtaraq və onu nura boyayaq.
2. İman.
İmam Əli (ə) buyurur: \"İman qəlbdə ağ bir nöqtə kimi əmələ gələr, iman hər nə qədər çox olarsa, həmin nöqtə daha böyük olar”. İnsan əqidə məsələlərini mütaliə edərək və ona əməl edərək, imanını artıra bilər. Bu zaman qəlbinin nuraniliyi də artar.
3. Yəqin.
İmam Əli (ə) buyurur: \"Yəqin - nur və aydınlıqdır”. \"Cəbrayil (ə) Peyğəmbərin (s) yanına gəldi və dedi: \"Ey Allahın Rəsulu! Allah Təala məni hədiyyə ilə sənə tərəf göndərmişdir ki, səndən əvvəl bunu heç kimə göndərməmişdir. Allahın Rəsulu (s) buyurur: \"Bu hədiyyə nədir?” Cəbrayil (ə) deyir: \"Səbir və ondan da yaxşısı ...”. Peyğəmbər (s) buyurdu: \"Yəqinin təfsiri nədir?” Deyir: \"O şəxsin ki, yəqini vardır, Allah üçün elə bir iş görər ki, sanki Onu görür. Belə ki, o, Allahı görməsə də Allah ki, onu görür”.
4. Fikirləşmək və ağlamaq.
O kəs ki, gününün bir hissəsini İlahi ayələr və müsibətlər haqqında fikirləşməyə ayırarsa, xəlvətdə günahları üçün ağlayarsa, qəlbi səfa tapar və nura boyanar. İmam Sadiq (ə) buyurur: \"Qəlbimin aydınlığını axtardım və onu düşünməkdə və ağlamaqda tapdım”. Allaha və Əhli-beytə (ə) eşq və qorxuya görə ağlamaq, xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq qəlb nuraniliyinin amillərindəndir.
5. Namaz qılmaq, xüsusilə də gecə namazı.
Peyğəmbər (s) buyurur: \"Namaz nurdur”. Həzrət İsa (ə) öz qövmünə nəsihət verən zaman buyurur: \"Həqiqəti sizə deyimmi? Xoş olsun o insanların halına ki, gecəni ibadətlə keçirirlər. Onlar o kəslərdir ki, daimi nuru əldə edirlər. Onlar gecənin qaranlığında ayağa qalxırlar”.
Gecə namazı qılmaq insanın zahiri simasını da nurani edər. İmam Sadiq (ə) buyurur: \"Gecə namazı üzü ağ və nurani edər. Gecə namazı insanı xoşətirli edər. Gecə namazı ruzi gətirər”.
6. Az danışmaq.
İmam Əli (ə) buyurur: \"Daha çox sakit durmağı seçin ki, qəlbin nurlansın və insanlar sənin əlindən amanda olsunlar”.
7. Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə və məada inanmaq.
Bütün yaxşılıqları Allahdan bilmək və günah edən zaman tövbə etmək qəlbi nurani edər. Həzrət Peyğəmbər (s) buyurur: \"Dörd şey vardır ki, əgər kimdə olsa, Allahın böyük nuruna batar: \"O kəs ki, Allahdan başqa məbudun olmamasına və mənim Allahın Rəsulu olmağıma şəhadət verər. O kəs ki, müsibət baş verəndə deyər: \"İnnə lillah və innə ileyhi raciun”. O kəs ki, nemətə və xeyrə çatan zaman deyər: \"Əlhəmdulilləhi Rabbil-aləmin”. O kəs ki, günah və xata edəndə deyər: \"Əstəğfirullah və ətubu iləyh”.
8. Dəstəmaz - nurdur.
Hədislərdən oxuyuruq ki, dəstəmaz almaq nuraniliyə səbəb olar. Daima dəstəmazlı olmaq çox təsirlidir. O kəsin ki, dəstəmazı vardır və onun üzərində yenidən dəstəmaz alırsa, onun bu əməli nurun üzərinə başqa bir nurun olması deməkdir.
9. Allah Təala - nur mənbəyidir.
Allahı yada salmaq, zikr etmək, ibadət və Onunla ünsiyyət bağlamaq - qəlbin nuranilik amilidir. \"Tövhid” surəsini davamlı olaraq oxumaq, az yemək, məscidə tez-tez getmək, camaat namazı qılmaq, oruc tutmaq, səhərləri tövbə etmək - qəlbi nurani edəcək amillərdəndir.
DEYERLER