Hədislərə əsasən İmam Zamanın (ə.c) zühuru üçün deyilən 5 qəti hadisə hansılardır?!
İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.
a) Qəti əlamətlər:
1-Dəccalın meydana çıxması: O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, çox böyük cüssəli və güclüdür, qəribə və qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox mahirdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün \"Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal ilə İmam Zaman (ə)-ın qoşunu arasında müharibə baş verər və o, ya İmam Zaman (ə), ya da həzrət İsa ibn Məryəm (ə)-ın əli ilə öldürülər.
2-Süfyaninin qiyamı: Süfyani Məkkə ilə Şam arasında qiyam edəcəkdir. O, çirkin surətlidir, üzündə sızaq var, gözləri göy və Yezid ibn Müaviyənin övladlarındandır. O, beş böyük şəhəri və məntəqəni – Dəməşq, Həms, Fələstin, İordaniya və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə ordu göndərəcəkdir. O, Mədinə və Bağdad şəhərlərində kütləvi qırğın törədəcək, Məkkəyə bir ordu göndərəcək və yol əsnasında İmam Məhdi (ə)-ın ordusu onları məğlub və həlak edəcəklər.
Süfyaninin üç yüz min nəfərdən ibarət olan ordusu Allahın əmrilə Məkkə–Mədinə arasında yerə batacaqdır. Təkcə Bəşir və Nəzir adlı iki qardaş sağ qalacaq və bir mələk gəlib onların üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib Süfyani ordusunun həlak olmasını İmama, Nəzir də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir. Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru hərəkət edib, orada qətl və qarətlə məşğul olacaqdır. İmam Məhdi (ə)-ın Kufəyə daxil olması ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu təqib edib, Beytül-müqəddəsdəki Səxrə məscidinin yaxınlığında qətlə yetirəcəklər və onun murdar başını kəsib çirkin ruhunu cəhənnəmə göndərəcəklər.
3-Səmadan gələn bir səs: İmam Məhdi (ə) Məkkədə zühur edərkən səmadan belə bir səs eşidilər: \"Ey məxluqlar, agah olun! Bu, Mühəmməd (s)-in övladı Məhdidir.” Dünyanın şərqindən qərbinədək bütün insanlar hər biri öz dilində bu səsi eşidib Məkkəyə üz tutar, o həzrətin hüzuruna gedərlər.
4-Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, həzrət Peyğəmbər (s)-in nəslindəndir və Rükn ilə Məqam arasında şəhid olacaqdır.
5-Seyyid Həsəninin qiyamı: O, xoş üzlü bir cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam edib deyəcəkdir: \"Sizdən kömək istəyən Peyğəmbər (s) övladının dadına çatın!” Çox güman ki, Seyyid Həsəni İmam Həsən (ə)-ın nəslindən və on iki İmamçı şiədir O, din və haqq ardıcılı olub, batil bir iddia etməyəcəkdir. Onun danışığı və rəftarı həzrət Peyğəmbəri-Əkrəm (s)-in pak şəriətilə uyğun olacaq. Möminlərdən bir çoxu da zalımların zülmünü dəf etmək üçün ona kömək edəcəklər...