İmam Əli (ə) Kumeyl ibn Ziyada hansı 40 nəsihəti etmişdir?!
İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyyələr
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.
13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.
15-Möminin gözəlliyi iffətindədir.
16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın \"cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” – deyə buyurduğu şəxslərdən ol!
18-Həmişə haqq söz de!
19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
20-Münafiqlər və xainlərlə əlaqə yaratma.
21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
26-Çətinliklərdən amanda qalmaq üçün \"La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.
27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün \"Əl-həmdu lillah” de!
28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
31-Allahı yad etməyənlərdən olma.
32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.
34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)
Mənbə: \"40 mövzu, 40 həqiqət\" kitabı