İbn Məsud dolanışın sıxıntılarından Hz Peyğəmbərə (s) şikayətlənərkən eşitdiyi mövizə nələr oldu?! İkinci bölüm:
İKİNCİ BÖLÜM:
11-Allah-taala onları Öz kitabında tərifləmiş və Nuh peyğəmbər barəsində buyurmuşdur: \"O, şükür edən bir bəndə idi.” İbrahim (ə) haqqında buyurulur: \"Allah İbrahimi Özünə dost seçdi.” Davud (ə) barəsində buyurmuşdur: \"Səni yer üzündə Öz xəlifəm qərar verdim.” Musa (ə) barəsində buyurmuşdur: \"Allah Musa ilə söhbət etdi.” Həmçinin buyurmuşdur: \"Mən onu insanlar arasından seçib, Özümə yaxın etdim.” Yəhya (ə) barəsində buyurmuşdur: \"Ona uşaqlıqda hökm (hikmət) verdik.” İsa (ə) haqqında buyurmuşdur: \"Ey İsa! Sənə və anana verdiyim neməti yada sal, o zaman ki, sənə Ruhul-qudusun vasitəsilə kömək etdim, beşikdə ikən insanlarla danışdın. Sən Mənim iznimlə palçıqdan bir quş surəti düzəldib, öz nəfəsini ona üfürürdün və o da quş olurdu.”
Allah-taala buyurur: \"Peyğəmbərlər yaxşılıqlara doğru tələsdilər. Onlar ürəklərində həm qorxu, həm də ümid olduqları halda Bizi çağırır və Bizim müqabilimizdə təvazökarlıqla itaət edirdilər.”
12-Günah əməllərə qurşanan şəxsləri cəhənnəm odu, haram və günah işləri tərk edənləri isə behişt gözləyir. Sənə zahid olmağı (dünya malına məftun olmamağı) və dünyanı tərk etməyi tövsiyə edirəm, çünki Allah-taala onun vasitəsilə mələklərə fəxr edir və onların vasitəsilə sənə nəzər edib, salam göndərir. Məndən sonra elə insanlar gələr ki, ləzzətli yeməklər yeyər, sürətli miniklərə minər, özlərini, qadınların ərləri üçün bəzəndikləri şeylərlə bəzəyər, şərab içər, qumar oynayar, nəfsi istəklərə, maddi ləzzətlərə çulğalaşar, camaat namazını tərk edər, gündəlik və gecə namazlarının vaxtında yatar və gecələri dünyəvi ləzzətlər ardınca gedərlər. Allah-taala buyurur: \"Özlərindən sonra namazlarını zay edən və nəfsani istəklər (ehtiraslar) ardınca düşən bir nəsil qoyub getdilər. Onlar azğın və əzaba düçar olan şəxslərdir.”
13-Dünyada maddi ləzzətlər və nemətlər içərisində yaşayıb nəfsin istəklərinə uyanların – axirət aləmində əbədi cəhənnəm odunda yanacaqları halda – onlardan bu dünyada bəhrələnməklərinin nə xeyri vardır?! Onlar böyük evlər və saraylar tikər, məscidləri zinət kimi saxlayar, qarın və qadın düşgünü olarlar, dünya malından başqa heç nə fikirləşməz, yediklərinin halal, yoxsa haram olmasına fikir verməzlər. Onlar məhz zəlalətdə olanlardır. İslam zühur edən ilk çağlarda qərib idi, gələcəkdə də qərib olacaqdır. Buna əsasən, behişt və əbədi səadət qərib olanlar üçündür.
14-Allahdan başqa heç kimdən, heç bir şeydən qorxma. Allah-taala buyurur: \"Hər yerdə – (hətta) möhkəm və uca qalalarda olsanız belə, ölüm sorağınıza gələcəkdir. Hər kəs elmi dünya məqsədlərinə çatmaq üçün öyrənib, dünya məhəbbətini və zinətlərini ondan üstün tutsa, Allahın qəzəbinə düçar olar.” Buna görə də onların yeri cəhənnəmin ən aşağı mərtəbəsindədir.
15-Allah-taala elmi öyrənib, ona əməl etməyənləri qiyamətə kor halda gətirər. Bu dünyada da onların ruzisinin xeyir-bərəkətini alar, özbaşına buraxar, nəhayət həlak olarlar. Allahla görüşə ümidvar olanlar saleh əməllər yerinə yetirməli və ibadətdə heç bir kəsi Allaha şərik qoşmamalıdır.
16-Pak, zahid və əməli saleh olan şəxslərlə yoldaşlıq et; çünki Allah-taala buyurur: \"Pərhizkarlar müstəsna olmaqla, bu dünya dostları axirətdə bir-birlərinin düşmənləridir.”
17-Allahdan qorxmağı və təqvalı olmağı sənə tövsiyə edirəm! Allah-taala (həqiqi möminlər və təqvalılar barədə) buyurur: \"Allah onlardan, onlar da Allahdan razıdırlar.” Bu məqama çatanlar yalnız Allahdan qorxub təqvalı olanlardır.
18-Xeyri olmayan şeyləri boşla və xeyri olan şeylərin ardınca get. Allah-taala belə buyurmuşdur: \"O gündə (qiyamətdə) hər bir şəxs üçün məşğul olacağı bir iş (giriftarçılıq) vardır.” Öz ailə-uşaqlarına və qohum-əqrəbana xatir günah işlərlə məşğul olmaqdan və Allaha qarşı itaətsizlik etməkdən həzər et.
19-Haram yeməkdən, dünya və onun cah-cəlalından, ləzzət və şəhvətlərindən uzaq ol!
20-Quran oxuyan zaman əmr və nəhy edən ayələrə çatdıqda, onun haqqında diqqətlə fikirləşib, ibrət dərsi al. Quranın nəhyi səni günahı tərk etməyə, əmri isə yaxşı əməllər görməyə dəvət edir.
Ardı var... Mənbə: \"40 mövzu, 40 həqiqət\" kitabı