Abdullah ibn Məsud Qıtlıq və aclıqdan Hz Peyğəmbərə (s) şikayət edərkən hansı nəsihətləri eşitdi?!


Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: \"Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:

1-Diri olduğumuz vaxta qədər! Həmişə Allaha şükür etmək lazımdır; çünki mən səmavi kitabları oxumuşam, lakin orada səbir edənlərdən başqa bir kimsənin behiştə daxil olacağını görməmişəm.

2-Onlar Allaha itaət etmək və günahdan çəkinmək müqabilində səbir edir, halal mal qazanır, mötədilliklə xərc edir və öz xərclərinin çoxunu Allah yolunda sərf edirlər, nicat tapanlar və əməli saleh olan şəxslər, məhz onlardır!

3-Onlar vüqar və düşüncə sahibi, mülayimliklə rəftar edənlər, ibrət götürənlər, təqvalılar, (insanlara) yaxşılıq edənlər, İslam düşmənləri ilə Allah xatirinə düşmənçilik edənlər, əmanətə xəyanət etməyənlər, haqq yardımçıları və (onlara) pislik edənləri bağışlayanlardır.

4-Onlar bəlaya (və müsibətə) düçar olduqda dözümlü olur, nemət əldə etdikləri zaman şükür edir, düz danışır və verdikləri vədə xilaf çıxmırlar. Onlardan bir səhv və xata baş verdikdə, dərhal tövbə edir, yaxşı bir əməl yerinə yetirdikdə isə sevinirlər. Gecələri öz Rəbblərinə itaət etmək üçün namaza qalxıb, səcdə edirlər. Allaha and olsun ki, nicat tapanlar, məhz onlardır!

5-(İndi isə) Allahın buyuruğuna qulaq as: \"Əgər insanların hamısı eyni səviyyədə olsaydılar, kafirlərin evlərini ləl-cəvahir, qızıl və gümüşlə bəzəyər, evləri üçün müxtəlif qapılar qərar verərdim... Lakin bunların hamısı dünya malıdır və Allah yanında olan axirət aləmi təqvalılar üçündür... Hər kəs axirəti abad etmək əzmində olub, onun üçün çalışsa və imanlı olsa, onun səyi və çalışması təqdirəlayiqdir.”

6-Behşit arzusunda olanlar yaxşı əməllər yerinə yetirmək üçün tələsir, cəhənnəm əzabından qoxur, ehtirası və nəfsin istəklərini tərk edir, maddi ləzzətlərdən üz çevirir və ölümün intizarında olurlar. Zahidlər üçün dünya müsibətləri asan olur.

7-Musa Allah ilə həmsöhbət seçiləndə, arıqlıqdan qarnı belinə yapışmışdı. O, Mədyən şəhərinin arxasında bir divarın kölgəsinə sığındığı zaman Allahdan yalnız aclığını qaldıracaq miqdarda yemək istədi. Əgər Davud peyğəmbərdən söhbət etməyimi istəyirsənsə, bil ki, o, Allahın yer üzündəki xəlifəsi idi. Onun paltarı yundan, yeməyi isə təkcə arpa çörəyindən ibarət idi.

8-Əgər Nuh peyğəmbərdən danışmağımı istəyirsənsə, bil ki, o, doqquz yüz əlli il ərzində camaatı Allaha doğru çağırdı, sübh yaşamağa, gecə isə sübh etməsinə ümidi yox idi. Paltarı yundan, yeməyi arpa çörəyindən ibarət idi. Süleyman peyğəmbərin hökmranlıq etməsinə baxmayaraq, özü arpa çörəyi yeyir, camaata isə ağ buğda çörəyi verirdi. Gecələri Allahla raz-niyaz və münacatla keçirir, əllərini boynuna bağlayıb, sübhə qədər ibadət edirdi.

9-İbrahim peyğəmbərin də paltarı yundan, çörəyi isə arpadan idi. Yəhya peyğəmbərin paltarı xurma lifindən toxunmuşdur, yeməyi isə ağac yarpaqlarından idi. İsa ibn Məryəmin həyatı isə qəribə idi. O, belə demişdir: \"Göyərti yeməyim, paltarım yundandır, gecə vaxtları çırağım isə ayın işığıdır. Günlər ötüb keçir, lakin dünya malından heç bir şeyim olmayan halda, yer üzündə məndən ehtiyacsız kimsə yoxdur.”

10-Peyğəmbərlər Allahın düşməni ilə düşmən idilər; Onun bəyənmədiyi şeyləri bəyənmir, onlara qarşı rəğbət bəsləmir və Allahın kiçik saydığı şeylərə də kiçik gözlə baxırdılar. Ardı var... Mənbə: \"40 mövzu, 40 həqiqət\" kitabı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter