Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti nə olmuşdur?!
Vəsiyyətin sonrakı cümlələrini Əmirəlmöminin (ə) ümumi şəkildə buyurur: \"Siz iki oğluma, bütün övladlarıma, ailəmə və bu vəsiyyətnamənin çatdığı hər bir kəsə vəsiyyət edirəm\".
Buna əsasən, burada əyləşən sizlər və bu vəsiyyətnaməni oxuyan mən də Əmirəlmömininin (ə) müraciət tərəfi sayılırıq. Buyurur ki, sizin hamınıza vəsiyyət edirəm. Nəyi? Yenə Allah təqvasını - yenə təqva! Əmirəlmömininin (ə) birinci və axırıncı sözü təqvadır. Onun ardınca buyurur: \"Və işinizdə nizam-intizamlı olmağı vəsiyyət edirəm\". Bu nə deməkdir? Yəni həyatda gördüyünüz bütün işlər nizam-intizamlı olsun? Mənası budur?
Bu da ola bilər, amma buyurmadı ki, \"işlərinizi\" nizam-intizama salasınız, buyurdu ki, \"işinizi\". Yəni nizam-intizama salınmalı məsələ bir şeydir. Bunu cəm formasında deməmişdir. İnsan anlayır ki, bu iş hamı üçün müştərək bir məsələdir. Mənim fikrimcə, burada məqsəd İslam quruluşu, İslam hakimiyyətidir. Yəni hökumət və quruluş məsələsində nizam-intizamlı və planlı rəftar edin.
İslam dünyası həmin nizamsızlıqlara və xudpəsəndliklərə görə bu vəziyyətə düşdü. Əgər Əmirəlmöminin (ə) İslam dünyasının rəhbəri seçiləndə, bütün İslam ümməti ona beyət edəndə həmin beyətə sadiq qalsaydılar, bu fəlakət və bədbəxtliklər baş verməzdi. Peyğəmbər (s) buyurub ki, əgər bir şəxs İmam olsa, xalq onu qəbul etsə və bu işdə Allahın razılığı olsa, heç kimin ona qarşı çıxmağa haqqı yoxdur.
Əgər Peyğəmbərin (s) bu cümləsinə əməl olunsaydı, o döyüşlər baş verməzdi; nə Cəməl döyüşü, nə Siffeyn döyüşü, nə Nəhrəvan döyüşü. Bəzi adamların öz istəklərinə görə xalqı sarsıtmaları, o tərəf-bu tərəfə çəkmələri, hakim sistemi və ölkənin ümumi nizam-intizamını pozmaları böyük fəlakətdir. Əmirəlmöminin (ə) vəsiyyətnamənin bu hissəsində onu qadağan edir və əksini tapşırır.
Vəsiyyətin ikinci hissəsində buyurulan üçüncü qayda mehriban yaşamaqdır; yəni bir-birinizlə mehriban olun, ürəklər bir olsun, söz birliyiniz olsun, aranızda ixtilaf və ayrılıq olmasın. O, bu cümləni buyurarkən Peyğəmbərin (s) sözündən bir məsəl də çəkir. Bəlli olur ki, bu məsələ üzərində xüsusi təkidi var və ondan qorxur. Bu o demək deyil ki, insanların mehribanlığı işin nizam-intizamlı olmasından daha əhəmiyyətlidir, əslində bu cəhətdən təhdidin daha güclü olduğuna görədir.
Ona görə Peyğəmbərdən (s) belə bir sitat gətirir: \"Sizin babanızdan belə bir söz eşitmişəm: \"İnsanlar arasında mehribanlıq hər bir namaz və orucdan yaxşıdır\". Demir ki, bütün namaz və oruclardan yaxşıdır; buyurur ki, hər bir namaz və orucdan yaxşıdır. Siz öz namaz və orucunuzla məşğul olmaq istəyirsiniz, amma fəziləti bunların hər ikisindən çox olan bir iş var. O nədir? O, insanlar arasında mehribanlıq yaratmaqdır. Əgər İslam ümməti arasında ixtilaf və ayrılığın olduğunu görsəniz, gedib onu düzəldin. Bu, namaz və orucdan daha dəyərlidir.