İslam maarifində \"Hərəm” nə deməkdir?


Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə \"hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.

1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
2. Cənub tərəfi \"izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.

3. Şərq tərəfdən Taif yolunun üstündəki \"Cəranə” məntəqəsi ilə məhdudlaşır.
4. Qərb tərəfdən \"Hüdeybiyyə” məntəqəsi ilə məhdudlaşır.

Allah hərəmi insanlar və heyvanlar, hətta göyərtilər üçün də əmniyyət yeri qərar veribdir. Bu hərəmin müəyyən hökmləri var, bir neçəsini qeyd edirik:
1–Ehramsız hərəmə daxil olmaq olmaz;
2–Şeytana atılan daşları ancaq hərəmdən yığmaq olar;

3–Hərəmdə itən əşyaya, sahibi gəlib götürənə qədər heç kim əl vurmaz;
4–Hərəmdə adam öldürmək olmaz.

Bir nəfər İmam Sadiq (əleyhissalam)-dan soruşdu: \"Bir adam hərəmdən kənarda adam öldürsə və sonra hərəmə daxil olsa, onun hökmü nə cür olar?”
İmam (əleyhissalam) buyurdu: \"Onu (hərəmdə) öldürməzlər, lakin ona o qədər su və yemək verməzlər ki, hərəmi tərk etsin. Çıxandan sonra isə o şəxsə cəza hökmü vacibdir.”

Soruşdular: \"Əgər hərəmin daxilində bir adam başqa bir adamı qətlə yetirsə və ya oğurluq etsə, onda nə cür olar?”
İmam (əleyhissalam) buyurdu: \"O, hərəmin daxilində olduğu halda belə, ona cəza hökmü vacibdir. Çünki o, hərəmin ehtiramını saxlamamışdır.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter