Zarafatın mənfi təsir qoyduğu haqda nəql olunmuş rəvayətlərdə nə buyurulmuş?!
Həzrət Peyğəmbər (s) Әli (ə)-a tövsiyə edərək buyurur:
«Ey Әli! Zarafat etmə ki, bununla öz dəyərini itirmiş olarsan. Yalan danışma ki, bununla iman nurun aradan getmiş olar».
Həzrət Әli (ə) buyurur:
«Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir».
«Zarafat öz arxasınca kin-küdurət gətirir.
«Hər şeyin bir kökü vardır. Әdavət və düşmənçiliyin də kökü zarafatdır».
«Heybət və vüqara xələl gətirən şey zarafatdır».
«İnsan zarafat etməklə kiçilir».
İmam Sadiq (ə) buyurur:
«Zarafat etməyin ki, camaat da cürət edib sizə qarşı hörmətsizlik etməsin».
İmam Sadiq (ə) buyurur:
«Zarafat etməkdən çəkinin. Çünki, zarafat kişilərin mənlik və şəxsiyyətinə xələl gətirir».
İmam Sadiq (ə) öz səhabələrindən birinə nəsihət verərək buyurmuşdur:
«Hər şeydən əvvəl sənə təqvalı olmağı və zarafat etməkdən çəkinməyi tövsiyə edirəm. Çünki, zarafat şəxsiyyətinə xələl gətirir».
Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, zarafat islam nöqteyi-nəzərindən nisbi (yəni, zaman və məkan baxımından heç də sabit olmayan) bir rəftar tərzidir.
Bir sözlə, islam möminlərə bütün ömürlərini zarafat və deyib-gülməklə keçirmələrini, habelə başqalarının könlünü almaq xatirinə görülən bütün işləri qətiyyətlə pisləyir və eyni zamanda yaşadığı cəmiyyətdə ünsiyyətdə olduğu şəxslərlə səmimi rəftar etmələrini və onlarla gülər üzlə davranmağı tövsiyə edir.
Yəni, zarafat edərkən ifrata varmamalı və xoşagəlməz sözlər deməklə başqalarının qəlblərini qırmamalıdır. Bütün bunlarla yanaşı, haqdan uzaq düşərək yalan və iftiraya da yol verməməlidir.
Buradan artıq, eyni məzmunda nəql olunmuş rəvayətlərin iki hissəyə bölündüyü məlum olur. Onlardan birində ifrata varıldıqda zarafatın verdiyi mənfi nəticələr, digərində isə həddi aşmadan səmimiyyətin artması üçün edilən münasib zarafatlar nəzərdə tutulur. Peyğəmbər (s) bu haqda buyurur:
«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirir».
Әli (ə) buyurur:
«Çox zarafat etmək, insanın şəxsiyyət və dəyərini aşağı salır».
«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirməklə yanaşı düşmənçiliyə də səbəb olur».
«Çox zarafat edən şəxsin vüqar və əzəməti azalar».
Demək, insanların təqva və şəxsiyyətinə xələl gətirməyəcəyi təqdirdə, dostluq və səmimiyyətin artması üçün zarafat etməyin heç bir irad və nöqsanı yoxdur.
Peyğəmbər (s) və Məsum İmamların (ə) həyat və sünnəsi bizlərə onların hansı şəraitdə, necə və kimlərlə zarafat etdikləri haqda kifayət qədər məlumatlar əldə etməyə imkan verir. Dərsin əvvəlində Peyğəmbərdən (s) nəql olunmuş bir hədis qeyd etmişdik. Orada deyilirdi:
«Mən zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».
Peyğəmbərin (s) zarafat etməsi haqda nəql olunmuş rəvayətlərin bir neçəsinə diqqət yetirin:
«Bir gün bir ağbirçək qadın Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onu görçək buyurur: Qoca qadınlar cənnətə getməyəcəklər. Qadın bunu eşitcək ağlamağa başlayır. Peyğəmbər (s) gülümsəyərək buyurur: Sən cənnətə daxil olarkən qoca olmayacaqsan. (Peyğəmbər (s) bunu demək istəmişdir ki, cənnət əhli cavan yaşlarında olacaqlar.) Sonra o həzrət bu ayəni oxudu:
«Şübhəsiz ki, Biz cənnət qadınlarını başaq cür [yeni bir yaradılışla] yaradacağıq!
Onları bakirə qızlar [kimi] yaradacağıq».
Başqa bir rəvayətdə deyilir :
«Ümmü Әymən adlı bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: Әrimin sizinlə işi vardır. Peyğəmbər (s) soruşur: Sənin ərin gözündə ağ olan həmin şəxsdirmi? (Ümmi Әymən belə güman edir ki, Peyğəmbər (s) göz xəstəliyi olan mirvari suyunu deyir.) Bunun üçün də deyir: Xeyr! And olsun Allaha onun gözündə ağlıq yoxdur. Peyğəmbər (s) bir daha buyurur: Amma onun gözündə ağlıq vardır.
Ümmi Әymən deyir: Xeyr! And olsun Allaha!
Peyğəmbər (s) təbəssüm edərək buyurur:
Elə bir insan yoxdur ki, gözünün ağı olmasın.»
Digər bir rəvayətdə deyilir:
«Bir çöl ərəbi vaxtaşırı Peyğəmbərin (s) yanına gələr və onun üçün hədiyyələr gətirərdi. Lakin Peyğəmbərdən (s) gətirdiyi hədiyyələrin pulunu istəyərdi. Həmin şəxs hər dəfə hədiyyələrin pulunu istəyəndə Peyğəmbəri (s) gülmək tutardı. Bunun üçün də qəmgin olduğu vaxt buyurardı:
Kaş, həmin çöl ərəbi bir də gələydi.»
Başqa bir əhvalatda deyilir:
«Bir şəxs Peyğəmbərdən (s) onu dəvəyə mindirməsini xahiş edir. Peyğəmbər (s) buyurur:
Mən səni dəvənin balasına mindirəcəyəm. Həmin şəxs təəccüblə deyir: Dəvə balasının ki, mənə gücü çatmaz. Peyğəmbər (s) buyurur:
Hər bir dəvə başqa bir dəvənin balası deyilmi?»
Bu hədislər və Məsum İmamların etdikləri zarafatlar haqda nəql olunmuş rəvayətlərin məzmununa nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, onların etdikləri zarafatlar olduqca qısa və məhdud olmuş və orada yalan, qeybət və iftiraya yol verilməmişdir.
Mənbə: \"Din təlimləri 1-ci cild\" kitabı.