Qohum-Əqrəba ilə gözəl rəftar və onlara insanın ehtiyaclı olması haqda Hz Əli (ə) nə buyurmuşdur?!
Hz Әli (ə) bu haqda buyurur: «Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.
«Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız.
Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz».
Bildiyimiz kimi ailə üzvülərinin hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Onlardan bəziləri yüksək zehni və cismi istedadlara malikdir, bəziləri də bunlardan müəyyən mənada və ya tamamilə məhrumdurlar. Bəziləri dövlətlidir, bəziləri də yoxsul, bəziləri xüsusi ictimai mövqeyə malikdir, bəziləri isə cəmiyyətdə elə də yüksək vəzifə və məqam qazana bilmir. Bəziləri şüurlu və istedadlıdır, bəziləri də savadsız olduğundan heç bir məlumata malik deyildir.