Nəfsin tərbiyəsi dedikdə məqsəd nədir?!
Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur.Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur.
Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir. Əxlaq alimləri bu işi \"təxliyə” adlandırırlar. Yəni insan özünü nəfsin bəlalarından qurtarmalıdır. Ağac torpağa əkilib səmaya tərəf baş qaldırdığı kimi nəfs də ucalığa doğru can atmalıdır. Nəfsə belə bir yüksəliş üçün güc lazımdır. Bu gücü əldə etmək üçün bəlalardan qorunmaq zəruridir. Bu prosses təzkiyənin, yəni tərbiyənin təxliyə adlanan ilk mərhələsidir.
Növbəti mərhələdə insan nəfsin sağlamlığı üçün zəruri olan şeylərdən faydalanmalıdır.Məhz bu mərhələdə nəfsin pərvaz etməsi üçün lazımı enerji əldə edilir.
Unutmaq olmaz ki, cism ruhun miniyidir.Ruh nə qədər ki bu dünyadadır cismin köməyi ilə hərəkət edir. Ona görə də bəladan qorunmaq və enerji əldə etmək cismə də şamildir. Xəstə cism ruhu mənzilə çatdırmaq iqtidarında deyil.
Bədən nə vaxtsa çürüyəcək olsa da onun dünya həyatında olan rolu müstəsna əhəmiyyətə malikdir. Mənzilə çatdıqdan sonra ondan ayrılmaq olar. Amma həmin mərhələyədək bədənlə yoldaşlıqdan başqa çarəmiz yoxdur. Avtomobillə hərəkət etməyi qərara alan insan onun nasazlığını aradan qaldırmalıdır. Əks təqdirdə insan yarı yolda qala bilər.