BEHİŞTDƏ MƏİŞƏT ƏŞYALARI VARDIRMI?


İbni Abbas nəql edir: \"Behişt nemətlərinin hamısı dünyadakılara bənzəyir. Gümüşdən düzəldilmiş büllur qablardan başqa. Dünyada ona bənzəyəni yoxdur”. Allah Təala buyurur: \"Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır”. (\"İnsan” 15).

Behişt xidmətçiləri bu büllur qablar və qədəhlərdə behişt əhlinə xidmət edər və onlara behişt nemətləri verərlər. Qablarda müxtəlif yeməklər və qədəhlərdə isə içəcəklər gətirərlər. Təəcüblüsü budur ki, büllur qablar bu dünyada kristaldan düzəldilir. Ancaq behiştdəki büllur qablar gümüşdən olur. Bu dünyada elə bir qab yoxdur.

Beləliklə, deyə bilərik ki, behişt qabları həm büllurun şəffaflığına malikdir, həm də gümüşün parlaqlığına. İçində olanlar tamamilə görünər. Bu haqda İmam Sadiq (ə) buyurur: \"İnsan gözünün nuru behişt gümüşünə nüfuz edər, necə ki, bu dünyada şüşə və büllura nüfuz edər”.

Əlbəttə, müasir elmdə alimlər elə şüaları ixtiyar ediblər ki, onlar qara cisimlərdən də keçib gedə bilir. Daxilini isə büllur kimi göstərir.

Başqa Quran ayələrinə nəzər salanda görmək olur ki, behişt taxtlarından söhbət açılmışdır. Bu taxtların üzərində əyləşir və söhbət edir və bəhslərə qulaq asırlar. \"Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər. Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər”. (\"Mutəffifin” 22-23).

\"Orada uca, qiymətli taxtlar var” (\"Ğaşiyə” 13).

Bu taxtlar zinətlənmiş olur və hündür olur. Ona görə hündür olur ki, bəhslər və söhbətlər zamanı behiştin gözəlliklərindən həzz ala bilsinlər. İbni Abbasın dediyiniə görə bu taxtlar elədir ki, insan oturmağı iradə edəndə qarşıya gələr və duranda isə arxaya gedər. Bəziləri bu taxtların qızıldan olduğunu və yaqutla bəzədildiyini bildirirlər. ”(Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!” (\"Rəhman 76).

Quran ayələrində behişt xalçalarına da işarə edilmişdir. \"Astarları qalın ipəkdən olan yataqların (xalçaların) üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!” (\"Rəhman” 54).

Burada diqqət etməli olduğumuz məsələ budur ki, bu xalçaların astarı dünyada ən bahalı sayılan parçalardan olur. Zahiri gözəlliyi isə vəsfə sığışmır. Bu dünyada biz astarı əhəmiyyətsiz və ucuz parçadan tikərik. Bu dünyada əhəmiyyətsiz olan şey o biri dünyada əhəmiyyətlidir. \"(Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)” (\"Ğaşiyə” 16).

Bu xalçalar həm rahat və yumşaqdır, həm də gözəl və bahalıdır.

Quranda oxuyuruq: \"İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!” (\"Ənkəbut” 58).

Behişt çayları çuxurdan axmır, onlar torpağın üzərindən axarlar. Onlar Allahın qüdrəti ilə behişt əhli hara iradə etsə, ora da axarlar. Başqa yerdə oxuyuruq: \"Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində ikiqat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər” (\"Səba” 37). Bu ayədə adı çəkilən \"ğurfə” sözü mənzilin yuxarı hissəsi mənasını verir. Sanki onu yerdən qaldırıblar. Bu ola bilər ki, behiştin ali dərəcəsinə işarə olsun. Burada hava lətifdir və mənzərə daha yaxşıdır. \"Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz” (\"Zumər” 20). Yəni bu otaqların nəinki yanından, hətta altından belə çaylar axır.

Allah bizləri də Rəbbindən qorxub, behişt əhlindən qərar versin.

Hazırladı: Məşhədi Xanım, (Tebyan saytına istinadən)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter