Şeytan kimdir və o, necə öləcəkdir?


Şeytanın iki mənası vardır. Biri həmin məlundir ki, cənnətdən qovulmuşdur. Bir mənası da şeytan dedikdə çirkin, alçaq və xəbis olan hər şey yada düşür. O şey ki, insana əziyyət verir və onu incidir, onu şeytan adlandırırlar.

Allah Təala ağla və şüura malik üç cür varlıq yaratmışdır. Biri nurdan yaranmış mələklərdir ki, səmada yaşayırlar. Onlar yemək yemir və şəhvət hissləri yoxdur. Tamamilə Allaha təslimdirlər, heç bir zaman Onun əmrlərinə qarşı çıxmırlar. Onlar insandan və cindən qabaq xəlq edilmişdilər.

O biri növü insandır ki, Allah onu gildən yaratmışdır və mələklər də ona səcdə etmişdilər. Onların həm ağılları və həm də şəhvətləri vardır.

Üçüncü növ isə cinlərdir. Allah onları tüstüsüz alovdan xəlq etmişdir. Onlar da insan kimi həm ağla və həm də şəhvətə malikdirlər.

Allah Təala onları insandan qabaq yaratmışdır. Allah insanlardan ilk Həzrət Adəmi (ə) yaratdığı kimi, cinlərdən də ilk olaraq, Marici və sonra da həyat yoldaşı Maricəni yaratmışdır. Onların Can adında övladları dünyaya gəlmişdir. Canın övladları iki tayfaya ayrıldılar. Biri cin tayfasıdır ki, içərilərində həm möminləri və həm də kafirləri vardır.

İkinci dəstədə isə şeytanlardır və onların başında ataları İblis durur. İblis Canın övladlarından biridir.

Bəs Allah niyə şeytanı azad buraxmış və insanı yolundan azdırmasına icazə vermişdir?

Bir qədər fikirləşəndə görmək olur ki, şeytan elə bir qüvvədir ki, imanlı insanın təkamülə çatmasına yardım edər. Belə ki, əgər düşmən güclü olarsa, insan daha çox səfərbər olar və mübarizəyə daha ciddi hazırlaşar. Necə ki, döyüşlərdə görürük ki, ən qəhrəman mübarizlər o zaman öz istedadlarını büruzə verirlər ki, çətin düşmənlə qarşılaşırlar.

Bəs şeytan nə zamana qədər sağ qalacaqdır?

Bu haqda çox sayda ehtimallar vardır ki, onların bəzilərinə işarə edək:

1. Ona Qiyamətə qədər möhlət verilmişdir. Ancaq bu ehtimal düzgün deyildir.

2. Dünyanın axırına qədər. O gün ki, günəş və ay sönəcəkdir və dağlar dağılacaqdır, dənizlər alov kimi şölələnəcəkdir, bütün mələklər və cinlər öləcəkdir.

3. İmam Zaman ağanın (ə.f) zühuruna qədər və Həzrət (ə.f) şeytanı öldürəcəkdir.

4. Rəcət zamanı. İmam Zaman ağanın (ə.f) zühurundan sonra Məsumlar (ə) yenidən bu dünyaya gələcəklər. O zaman şeytan öləcəkdir. Quranın buyurduğu məlum vaxt həmin rəcət zamanıdır ki, Əzrayil (ə) onun canını alacaqdır. Allah Təala ölüm mələyinə buyuracaqdır: \"İblisin canını al ki, onun ömrü başa çatmışdır. İlk can aldığından son can aldığına hiss etdirdiyin acını ona dadızdır”. Sonra buyurur: \"”Ey ölüm Mələyi! Əvvəl cəhənnəmə daxil olar və 70 od şöləsini 70 zəncirlə və 70 kasa ləzi suyundan (cəhənnəmin yandıran suyu) və cəhənnəmin 70 itini götür və onun canını ən çətin şəkildə al”. Əzrayil (ə) o zaman elə bir şəkildə olacaqdır ki, əgər yer əhli onu görsələr, hamısı ölərlər.

Şeytan onu bu cür görən zaman şərqə qaçacaqdır. Əzrayili (ə) orada görəcəkdir, sonra qərbə qaçacaqdır. Onu yenə də orada görəcəkdir.

Dənizə gedəcəkdir, onu yenə də orada görəcəkdir. Ölüm mələyi bu zaman ona deyəcəkdir: \"Ey məlun! Dayan!” Ancaq yenə də qaçacaqdır. Adəmin (ə) qəbrinin üstünə gələcək və deyəcəkdir: \"Ey Adəm! Mən sənin vasitənlə qovulmuşam. Lənət boynuma düşübdür”. Əzrayil (ə) cəhənnəm itlərinə və mələklərinə əmr edir ki, ona hücum etsinlər. İtlər ona hücum edir və onu əhatəyə alırlar. Mələklər alovlu toppuzla onun başına vururlar və o, can verir. Hiylə ilə dolu həyatı sona çatır”.

Bəzi hədislərdə oxuyuruq ki, şeytan təbii ölümlə ölməyəcəkdir. Belə ki, onu öldürəcəklər. Bəs onu kim öldürəcəkdir? Bu məsələdə ehtimallar vardır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: \"Bizim Qayim (ə.f) qiyam edən zaman Kufə məscidinə gələcəkdir və şeytan da gələcəkdir. Həzrətin qarşısında diz çökəcək və deyəcəkdir: \"Mənim pusqumda duran bu çətin günə görə vay olsun!” Bu zaman Həzrət onun saçından tutub, boynunu vuracaqdır”.

Bəzi hədislərdə oxuyuruq ki, şeytanı öldürən Həzrət Peyğəmbər (s) olacaqdır.

İmam Sadiq (ə) buyurur: \"Şeytan rəcət zamanı Peyğəmbərin (s) əli ilə Beytul-müqəddəsdə qətlə yetiriləcəkdir”.

Əbdulkərim Xəsəmi İmam Sadiqdən (ə) nəql edir ki, Həzrətdən (ə.f) eşitmişəm ki, buyurub: \"O zaman ki, şeytan Allahdan Qiyamətə qədər möhlət istəyir, qəbul etmir və O, məluna cavabında buyurur: \"Sənə müəyyən zamana qədər möhlət verirəm”. Həmin vaxt İmam Əlinin (ə) dünyaya qayıtdığı rəcət vaxtıdır. Əmirəl-möminin (ə) öz ordusu ilə rəcət edən zaman şeytan da ordusu ilə hazır olacaqdır. Onların döyüşü üçün vədə yerləri Kufənin yaxınlığında yerləşən Fərat torpağında Ruha adlı yerdir. Bu iki ordu vuruşacaqdır və o günə qədər bu cür qanlı döyüşü heç kim görməmişdir. Bu zaman İmam Sadiq (ə) buyurur: \"Sanki Əmirəl-möminin (ə) səhabələrini görürəm ki, döyüşün ağırlığından yüz addım geriyə çəkilirlər. Onların bəzilərini müşahidə edirəm ki, ayaqları Fərat çayına giribdir. Bu zaman Allahın qəzəb mələkləri suyun arxasından gələcəklər və döyüşü Həzrəti Peyğəmbərə (s) tapşıracaqlar. Həzrət (ə) ordunun qarşısındadır və şeytan Həzrəti (ə) görən zaman qaçacaqdır.

Dostları onun (şeytanın) qaçmağını görən zaman deyəcəklər: \"Hara gedirsən, axı sən onlara qalib gəlmisən?” Cavabında deyəcəkdir: \"Mən sizin görmədiklərinizi görürəm və mən Aləmlərin Allahından qorxuram”. Bu zaman Peyğəmbər (s) ona hücum edəcəkdir. Ona zərbə vuraraq, onu məhv edəcəkdir. Ordusu da həlak olacaqdır. İmam Əli (ə) ondan sonra 4 min il padşahlıq edəcəkdir. İnsanların ömürlər uzanacaqdır və belə ki, bir insandan minə qədər övlad dünyaya gələcəkdir”.

O günün ümidi ilə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter