İSLAM PEYĞƏMBƏRİ (s) səhabələrini QEYLULƏ yuxusunu yatmağa həvəsləndirərdi?!
Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır.
Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.