Tövbə üçün zaman və məkan varmı?


İlahi mehr və məhəbbətin ağuşuna qayıtmağın və günahdan peşman olmağın məkan və zamanı yoxdur. Çünki Həzrət Peyğəmbər (s) buyurur: \"Çoxlu istiğfar edin. Evlərinizdə, məclislərdə, süfrə başında, bazarda, get-gəl yollarında, harada olursunuzsa-olun (istğfar edin). Çünki siz Allahın bağışlanmasının nə zaman nazil olduğunu bilmirsiniz”.


Aləmlərin Pərvərdigarı insanın günahdan nicat tapması üçün tövbə və istiğfar qapısını açıq qoymuşdur. Onları peşman olmağa dəvət etmiş və hələ ki, bu qapı açıqdır və qayıtmaq üçün fürsət vardır, İlahi rəhmətə nail ola bilsinlər.

Bizim günahdan paklanmağımız üçün bəzi xüsusi məkanlar da mövcuddur. Buna məscidləri, xüsusilə də Məscidul-Haramı, Peyğəmbərin (s) hərəmini, İmamların (ə) hərəmini misal göstərmək olar.

Tövbə etmək çox vacibdir, insan səhvini başa düşən an tövbə etməlidir. Tövbənin vaxtında edilməsi çox mühümdür. Əgər hansısa günahı işlədəndən sonra peşman olmusansa, tövbə etmək istəyirsənsə onda de: \"Əstəğfirullahi ləzi lə İləhə illə huvə aləmul-ğeybi və şəhadət, Əzizul-Həkim, Ğəfurul-Rəhim, Zul-cəlali vəl-İkram və ətubu ileyh”. Bu zaman günah əməl dəftərinizə yazılmaz.

İnsan bəzən bir günahı işlədir, ancaq onun günah olduğundan qafil olduğu üçün uzun zaman keçir. O zaman ki, bu əməlinin günah olduğunu dərk edir, bir daha onu etməyəcəyini qərara alar, bu zaman tövbə üçün hazır olar. İstiğfar etsin və Rəhim Allah onu bağışlayar. Bəzi hədislərdə oxuyuruq ki, insan günah işlədən zaman Allah ona tövbə üçün 7 saatdan çox vaxt vermir. Əgər bu zamanda istiğfar etməsə, günahı əməl dəftərinə qeyd ediləcəkdir. Əgər bu yeddi saatda həsənə etməzsə, yəni yaxşı əməl görməzsə, tövbə də etməzsə, həsənə məmuru və pis işlər məmuruna deyər: \"Onun günahını yaz ki, Allahın rəhmətindən məhrum oldu”.

Bu yeddi saat bizim üçün bir fürsətdir və əgər bu yeddi saatda tövbə etsək, günah əməl dəftərimizə yazılmayacaqdır. Əgər tövbə etməsək, o zaman yazılacaqdır. Əgər yeddi saatdan sonra tövbə edərsə, ümid var ki, Allah onun bu tövbəsini qəbul etsin və əməl dəftərindən silsin.

İmam Sadiq (ə) buyurur: \"Mömin 20 il keçəndən sonra günahını xatırlayır, ona görə tövbə edir və Allah onu bağışlayır”.

İnsan günahına görə hər nə qədər tez bağışlanma diləyərsə, yaxşıdır. Çünki bu zaman günahın dünyadakı əzabından amanda olar. Əgər yeddi saat ərzində tövbə etməzsə, bu dünyada yoxsulluq, xəstəlik, borc və narahatlıq kimi əzablara düçar olar.

Həzrət Peyğəmbər (s) buyurur: \"Xoş olsun o bəndənin halına ki, günahına görə istiğfar edər və özündən başqa heç kəs bundan xəbərdar olmaz. Həqiqətən tövbənin misalı odun üzərinə tökülən suyun misalı kimidir ki, onu söndürər”.

Tövbədə səhlənkarlıq etmək və bu gün-sabaha salmaq insana iki təhlükə gətirər. Əgər birindən nicat taparsa, ümid vardır ki, o birisindən də nicat tapsın.

Birinci təhlükə. Qəflətən ölümün yetişməsi. Həqiqətən insanı gözləyən ən mühüm təhlükələrdən biri də qəflətən çatan əcəl və ölümdür. İnsan günah işlədir və bu gün sabaha saxlayır. Belə fikirləşir ki, sabah tövbə edərəm. Ancaq əcəl çatar və onunla tövbə arasına fasilə salar.

Həzrət Peyğəmbər (s) buyurur: \"Tövbəni təxirə salmayın, çünki qəflətən ölüm yetişər”.

İkinci təhlükə. İman ruhu məhv olar. Günah kimi heç bir şey qəlbi məhv etmir. Ürək o qədər günahın təsiri altına düşər ki, heç bir moizə ona təsir etməz. İmam Əli (ə) buyurur: \"Hər bir bəndə üçün 40 pərdə çəkilər, o zaman ki, 40 kəbirə günah işlədər, bu pərdələri ondan götürərlər. Bu zaman Allah mələklərə vəhy edər ki, onu qanadları ilə örtsünlər. Bu bəndə çirkin əməlini kənara qoymaz və o qədər günah işlədər ki, nəhayət mələklər deyərlər: \"Pərvərdigara! Sənin bu bəndən hər bir əməli görür və biz onun əməlindən xəcalət çəkirik”. Allah onlara vəhy edər: \"Qanadlarınızı onun üstündən götürün, iş bura qədər gəlib çatdısa, bizimlə düşmənçilik etmək təməlini qoyubsa, yerdə və göydə olan pərdəsi deşilər”. Sonra mələklər deyərlər: \"Pərvərdigara! Sənin bu bəndənin pərdəsi deşik qalmışdır”. Allah onlara vəhy edər: \"Əgər Allah onda diqqət edilməyi görsəydi, sizə əmr etməzdi ki, qanadlarınızı üstündən çəkəsiniz””.

Tövbənin müəyyən saatları yoxdur, insan hər nə qədər tez tövbə etsə, bir o qədər yaxşıdır. Ancaq bəzi fəzilətli saatlar vardır ki, günahın qəbul olması üçün daha təsirli vaxtlardır: Şəban ayının 15-i, Qədr gecələri, möminin qəmini aradan aparan zaman, ölümə görə qüssələnəndə, azandan sonra məscidə namaz qılmaq üçün gedən zaman, Quran oxunan zaman, İmam Hüseyn (ə) müsibətinə ağlayan zaman, xəstə möminin ehtiyacını aradan qaldırmaq üçün edilən səy zamanı, Allah Evinə baxan zaman, gecə namazını qılan zaman vətr namazının qunutunda, salavat göndərən zaman.

Beləliklə hədislərdən belə nəticəyə gəlmək olur ki, mömin günah işlədən zaman tövbəni təxirə salmamalıdır. Baxmayaraq ki, maşında gedir, ya küçədədir, ya süfrə başındadır. Çalışmalıyıq ki, yeddi saat keçmədən tövbə edək və günahın əməl dəftərinə düşməsinə imkan verməyək.
(Tebyan saytına istinadən)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter