Hamı tərəfindən sevilmək mümkündürmü?


Bu dünyada elə bir insan yoxdur ki, hamı tərəfindən sevilməsini istəməsin. İnsan bu hədəfinə çatmaq üçün çox yolları imtahandan keçirir. Məsələn, diqqəti cəlb etmək üçün çoxlu pul xərcləyir. Ya da saatlarla aynanın qarşısında əyləşir və özünüi gözəlləşdirməklə məşğul olur.
Əgər bu hədəfə çatmaq qeyri-mümkün olsaydı, Allah bu hissi batinimizdə qoymazdı. Bu hiss əgər bizdə varsa, deməli ona çatmaq üçün yollar da vardır. Ancaq bunun sirri nədir? Bu barədə Qurani-Kərimdə buyurulur: \"Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (\"Məryəm” 96). Allah bu ayədə imanı və saleh əməli iki mühüm amil kimi göstərmişdir. Bu iki amil həm bu dünyada və həm də axirətdə Allahın və möminlərin məhəbbətini cəlb etməyə səbəb olar. \"Təfsiril-mizan” bu ayəni belə şərh edir: \"Bu ayədə İlahi vədələrdən biri deyilir. Bu odur ki, əgər insanların imanı olsa, saleh əməl etsələr, Allah onların məhəbbətini heç bir şərt olmadan başqalarının qəlbinə salar”.

\"Təfsiri-nümunə”də isə oxuyuruq: \"İman və saleh əməlin fövqəladə cazibə qüvvəsi vardır. Çünki bu ikisi insanın ruhunda, rəftarında və fikrində təcəlli edər. Bu da səbəb olar ki, insanı ali sifətlərə tərəf gətirsin. Bu da güclü bir maqnit kimi insanların qəlbini, hətta napak insanların qəlbini belə özünə tərəf cəzb edər”.

İmam Əli (ə) buyurur: \"Hər kim özü ilə Allah arasındakı rabitəni islah edər, Allah onunla insanların arasını islah edər”.

Cəmiyyətin sevimlisi olmaq üçün bir neçə tövsiyəyə diqqət etmək lazımdır:

1. İlk növbədə insan çalışmalıdır ki, Allahın sevimlisi olsun. Bunun nəticəsində Allah onu başlqalarının sevimlisi edər.

2. İmam Sadiq (ə) buyurur: \"Üç şey məhəbbəti ardınca gətirir: dindarlıq, təvazökarlıq, əlin və ürəyin açıq olması”.

3. İmam Əli (ə) buyurur: \"Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı rəfiq və yol yoldaşı olmaq, təvazökarlıq”.

4. Bir nəfər Peyğəmbərdən (s) soruşur: \"İnsanlar arasında sevimli olmağa nə səbəb olur?” Buyurur: \"İnsanların malik olduqlarında gözün olmasın ki, onların sevimlisi olasan”. Yəni, insanlar görəndə ki, sənin onların malında gözün yoxdur, səninlə səmimi və dost olarlar.

5. İnsanların sevimlisi olmağın ən mühüm amillərindən biri də onlara sevgi göstərməkdir. Hədisdə deyilir ki, əgər kimisə sevirsənsə, ona de və ya hədiyyə al. Yəni, məhəbbəti etiraf etmək qəlblərə mehr və sevgi toxumu səpər. İmam Əli (ə) bu haqda buyurur: \"Mehribançılığı aşkar etməklə məhəbbət formalaşıb, yaranar”.

6. İnsanların sevimlisi olmağın yollarını Peyğəmbərdən (s) öyrənmək lazımdır. Həzrət (s) buyurardı: \"Sizlərdən heç biriniz mömin deyildir, məgər o halda ki, özü üçün istədiyini başqası üçün də istəsin”. Başqa yerdə buyurur: \"Əlini kimin istəyirsə başına qoy və onun üçün özün üçün istədiyini istə”.

Beləliklə deyə bilərik ki, insan ilk növbədə Xaliqin sevimlisi olmağa çalışmalı və bu yolda səylər göstərməlidir. Sonra isə xəlq olunmuşların məhəbbətini cəlb etməyə çalışmalıdır. Bunun üçün də Məsumların (ə) əxlaq və rəftarı bizim üçün əvəzsiz bir nümunə və örnəkdir. Onların rəftar və əxlaqını təlqin edərək, biz də həm Xaliqin və həm də xəlqin sevimlisi olarıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter