İslamda zarafat etməyə necə baxılır?!
1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
(«Ya Rəsulum!) Onlardan soruşsan: \"Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: \"Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. (Quran, Tövbə, 65-66)
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə lağ etmək, bunları zarafat hədəfinə çevirmək müsəlmanı tövbə etmədiyi təqdirdə kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!»
3. Zarafat edərkən insanları qorxutmaq olmaz.
İbn Əbu Layla rəvayət edir ki, səhabələr bizə danışırdılar ki, bir dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) səfərdə olarkən, onlardan biri yuxuya getdikdə, digər səhabə birincinin əlində olan ipi dartdı və ikinci qorxaraq yuxudan ayıldı. Peyğəmbər (s) dedi:»Müsəlmana o biri müsəlmanı qorxutmağa icazə verməyin»
Xüsusən əlində iti, kəsici alət, silah olan şəxsləri qorxutmaq daha təhlükəlidir.
4. Lağ etmək, məsxərəyə salmaq.
Aydın məsələdir ki, hər bir insan yalnız onun özünə məxsus individual xüsusiyyətlərə malikdir. Bəzən bu xüsusiyyətlər insanın digərlərindən həddən artıq fərqlənməsinə səbəb olur. Bəzi kəslər bundan istifadə edərək həmin adamı məsxərəyə qoyur, lağ və tənə edirlər. Lakin Uca Allah Qurani Kərimdə bunu qadağan edərək belə buyurur:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) «
(Hucurat, 11)
İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində belə deyir: «Bu ayədə insanlara həqarətlə baxmaq, onları alçaltmaq və tənə etmək qadağan edilir. Bütün bunlar haramdır və münafiqin xüsusiyyətlərindən hesab olunur».
Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındakı sevgini yox edir, nəticədə isə bütün ümmət arasında parçalanma baş verir. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:
«Müsəlman müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz qoymur və ona həqarətlə baxmır. «Təqva bax burdadır» (o dedi və əlini 3 dəfə sinəsinə tərəf apardı). İnsan üçün öz qardaşına nifrət etmək pislik etməkdə kifayətdir. Hər bir müsəlmana o biri müsəlmanın qanı, namusu və malı haramdır»