İslam Peyğəmbəri (s) Bilal Həbəşini hansı xüsusiyyətlərinə görə azançı təyin etdi?!


Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin.Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.

Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.

Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: \"Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.

Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: \"Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.” Həzrət Peyğəmbər (s) Bilala deyərdi: \"Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”

Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter