Nədir Qiyamət? Sualının ətraflı izahı
Qiyamət günü nə vaxt olacaqdır? - deyə soruşanlar üçün günəşlə ay bitişəcəyi, göy qatlanıb büküləcəyi, dağlar didilmiş yun kimi olacağı, gözlər bərələcəyi, uşaqlar ağsaqqal ahıla dönəcəkləri, dənizlər od tutub alışacağı gün qiyamət qopacaqdır.
\"Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə \"ol” deyəcəkdir.\"
Birinci sur çalındıqdan sonra Yer üzündə heç bir canlı qalmayacaqdır. 40 ildən sonra ikinci sur çalınacaq və torpağın altı üstə çevriləcək və insanlar dirildiləcəkdir. Haqq tərəzisi qoyulacaqdır. İnsanların əməl dəftəri tərəziyə qoyulacaqdır. Vay halına əməl dəftəri arxa tərəfdən sol əlinə verilənlərin. Onların üzü qaralacaqdır. Kaş torpaq olaydıq deyəcəklər. Onlar cəhənnəm əhlidirlər. \"Onlara orada qaynar su, irin içirdiləcəkdir, yeməyi zəhərdən acı zəridən başqa bir şey olmayacaqdır. Onlar \"Kaş ki, mən əvvəlcədən axirət həyatım üçün yaxşı əməllər edəydim” deyəcəklər. Amma faydası olmayacaqdır. Vay o namaz qılanın halına ki, namazı səhlənkarlıq üzündən vaxtlı – vaxtında qılmasınlar, zəkat verməyi qadağan etsinlər.\" Elə isə \"Quranı” oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl bir borc verin.
\"Özünüz üçün dünyada nə yaxşı iş görsəniz , Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Cəhənnəmdəkilər orada sonsuza kimi qalacaqlar. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir – birinə qaş , göz edirdilər. Möminləri gördükdə: \"Doğrusu bunlar haqq yoldan azanlardır!” deyirdilər. Halbuki möminlərə nəzarətçi göndərilməmişdir.\" Bu gün isə möminlər kafirlərə güləcəkdir. Onlar taxtlar üstündə əyləşib baxacaqlar ki, görsünlər kafirlər öz əməllərinin cəzasını aldılarmı? Əlbəttə alacaqlar.
\"Ölüm sizi haqlamamış Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir.\" Kimin əməl dəftəri sağ əlinə verilmişsə, üzü sevincdən parlayacaqdır. Hamıya göstərəcəklər ki, bizim əməl dəftərimiz sağ əlimizə verilmişdir. Onlar Cənnətdə taxtlara söykənəcək, orada nə günəş, nə də sərt soyuq görəcəklər. Cənnət ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. Cənnətdəki xidmətçilər onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Onlara orada zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir. Orada hara baxsan nemət və böyük bir mülk görərsən.
Cənnət əhlinin əyinlərində taftadan və atlasdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirəcəkdir. Onlara belə deyiləcək: ”Bu, sizin dünyada etdiyiniz yaxşı əməllərə görə mükafatınızdır. Zəhmətiniz məqbuldur”. Cənnətdəkilər orda heç bir boş söz (lağlağı), nə də ki yalan eşitməyəcək.
Qiyamət günü Allah-Təala mömin kimsəyə belə buyuracaqdır: ”Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə. Sən ondan razı olardın, O da səndən! (Əməlisaleh) bəndələrin zümrəsinə daxil ol! Cənnətimə varid ol!” İman gətirib yaxşı əməllər edən kimsələri ağacları altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur! Ey insanlar! O gün mütləq olacaqdır. Pis əməl edəndə Allahdan qorxun, namaz qılın, zəkat verin. Allah hər şeyi görəndir.
Bu dünyada əməl var, hesabat yox, axirətdə isə hesabat var, əməl yox. Ölüm sizi haqlamamış savab işlərinizi artırın, Allahı çoxlu zikr edin, \"La ilahə illəlah, Muhəmmədən rəsululah” kəlməsini dilinizdən əskik etməyin. \"Quran”dakı düz yola gəlin ki, bəlkə nicat tapasınız. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.