İmam Baqir (ə) xristian yepiskopun Şamda keçirlən tolantısında suallarını hansı cavabları verdi?!
Ətraflı cavab: İmam Baqirin (ə) Dəməşqə icbari səfərində geri dönməzdən öncə xoşbəxtlikdən həzrət üçün camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (ə) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş verdi: Xəlifə Hüşamın İmam Baqirə (ə) qarşı hörmətsizlik etmək üçün bir bəhanəsi yox idi.
Bu üzdən çarəsiz qalıb həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. İmam Baqir (ə) oğlu ilə saraydan çıxarkən, sarayla üzbəüz olan meydanın kənarına yerə əyləşmiş insan cəmiyyəti ilə üzləşdi. İmam onların nə üçün toplaşdığını soruşdu. Cavabında dedilər ki, onlar xristian keşiş və rahibləridir və ənənəvi olaraq ildə bir dəfə keçirilən böyük elmi məclisin başlanmasını, həmçinin elmi sualları həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər.
İmam Baqir (ə) naməlum şəxs qismində camaatın arasına girib məclisdə iştirak etdi. Bu xəbər dərhal Hüşama çatdırıldı. Hişam bir neçə nəfəri gedib yaxından o məclisdə iştirak etmək üçün göndərdi. Çox çəkmədi ki, qocalıb əldən düşmüş yepiskop gəlib böyük ehtiramla məclisin yuxarı başında oturdu. Daha sonra camaatı nəzərdən keçirdi.
İmam Baqirin (ə) siması onu özünə cəlb etdiyinə görə üzünü İmama (ə) tutub soruşdu: \"Bizim xristianlardansan, yoxsa müsəlmanlardansan?\"
İmam Baqir (ə): \"Müsəlmanlardanam.\"
— Müsəlmanların alimlərindənsən, yoxsa avamlarından?
— Avamlardan deyiləm.
— Əvvəl mən sual edim, yoxsa sən soruşacaqsan?
— İstəyirsinizsə, siz soruşun.
— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhalisi yeyib-içəcək, amma ifrazatları olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
— Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O,anasının bətnində qidalanır, lakin heç bir ifrazatı olmur.
— Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?
— Mən belə demədim, mən dedim ki, avamlardan deyiləm.
— Başqa bir sualım var.
— Buyurun!
— Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada buna dair bir nümunə qeyd edə bilərsinizmi?
— Bəli, onun bu dünyada aşkar nümunəsi oddur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və əsla azalmayacaq.
Yepiskop fikrinə gələn nə qədər çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavablar eşitdi. Acizliyini hiss edib çox hirsləndi və dedi: \"Camaat! Dini məlumatı məndən çox olan bir adamı məni rüsvay etmək üçün bura gətirmisiniz? Müsəlmanlar öz rəhbərlərinin bizdən üstün və bilikli olduğunu başa düşsünlər deyə bunu etmişiniz? And olsun Allaha, bir daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni bir daha öz aranızda görməyəcəksiniz”. Bunu deyib yerindən qalxdı və məclisi tərk etdi. (Mehdi Pişvayi, “Məsumların həyatı” kitabından iqtibas olunmuşdur, səh 341.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı