Kaİnat Necə Yaranıb?


XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

Sonsuz kainat modelinin səhv olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk şəxs belçikalı alim Corc Lematr (Georges Lemaitre) oldu. Lematr rus alimi Aleksandr Fredmanın (Alexandre Friedmann) bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.

Burada Corc Lematrın bir din alimi olmasını da vurğulamaq lazımdır. Lematr “kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elmə materialistərdən çox fərqli bir təməldən yanaşırdı.

Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindən davamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Bu müşahidələrə əsasən kainatdakı hər şey bir-birindən uzaqlaşırdısa, bunun göstərdiyi bir nəticə vardı: Kainat genişlənirdi, yəni materialistlərin iddia etdikləri kimi hərəkətsiz, sabit deyildi.

Kainatın sabit olmadığını əslində Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “karyerasının ən böyük xətası” adlandırmışdı.

Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə, zaman ərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.

Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.

«Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir. Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin də tapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük bir partlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyi kimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və bu radiasiyanın kainatın hər tərəfində bərabər miqdarda yayılması fərziyyəsini irəli sürdü.

Qamovun tapılmasının vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Arno Penzias, Robert Wilson) adlı iki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiya lokal deyildi və kainatın hər yerinə yayılmış radiasiya idi. Beləliklə, uzun müddət kainatın hər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.

1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykini göndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülər də Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.

Kainatın Allah tərəfindən “Big Bang” ilə yoxdan yaratdığı həmin bu dəlillərlə sübuta yetirilməsi materialist elm adamlarını çox çaşdırdı. Çünki illər boyu fəaliyyətlərinin, ortaya atdıqları fikirlərin, əsassız nəzəriyyələrinin bir-bir məhv olduğuna şahid olurdular. Tanınmış ateist filosof Entoni Flyu (Anthony Flew) bu barədə fikirlərini belə ifadə edir:

«Etirafın insan ruhuna xeyirli olduğunu söyləyirlər. Mən də bir etiraf edəcəyəm: «Big Bang» modeli bir ateist baxımından olduqca sıxıntı verəndir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı isbat etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını. Mən hələ də ateizmə inanıram, amma bunu «Big Bang» qarşısında müdafiə etməyin o qədər də asan və rahat olmadığını etiraf etməliyəm». (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, s. 241)

Qeyd edək ki, daha sonralar Entoni Flyu bütün bu elmi faktlar qarşısında səmimi davranmışdır. Entoni Flyu-nun 2004-cü il açıqlaması bu şəkildədir. “Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”

Bununla belə, bu gün bir vaxtlar Allahın varlığını inkar edən, ateist dünyagörüşünə inanan bir çox elm adamları kainatın sonsuz güc sahibi Allah tərəfindən yaradıldığını qəbul etmişdir. Məsələn, «Big Bang»-lə bağlı fəaliyyətləri ilə tanınan amerikalı alim Uilyam Leyn Kreyq (William Lane Craig) bu barədə belə deyir:

«Əslində “heçlikdən sadəcə heçlik çıxar” qanununa uyğun olaraq, «Big Bang»-in fövqəltəbii bir səbəbi olmalıdır. Partlayışdan əvvəlki təklik hər cür zaman-məkan məfhumlarının sona çatdığı hədd olduğuna görə, «Big Bang»-in fiziki bir səbəbi olması qeyri-mümkündür. Əksinə «Big Bang»-in səbəbinin fiziki fəza və zaman hüdüdlarından tamamilə kənar, kainatdan tamamilə müstəqil və ağlın dərk etməyəcəyi dərəcədə qüdrətli olması lazımdır. Üstəlik, bu səbəb özü müstəqil iradəsinə sahib olan şüurlu varlıq olmalıdır… Dolayısı ilə, kainatın mənbəyinin səbəbi kainatı sırf öz iradəsi ilə müəyyən bir zaman əvvəl var edən bir Yaradıcıdır. (William Lane Craig, Cosmos and Creator, Origins & Design, Bahar 1996, cild 17, s. 18)

«Big Bang» nəzəriyyəsinin bizə göstərdiyi əhəmiyyətli bir nəticə də budur ki, İlahi biliklərə istinad edən elm anlayışı kainatın sirlərini açmaqda son dərəcə uğurludur. Materialist fəlsəfəyə istinad edən elm adamları ortaya “sonsuz kainat” modelini atmış, ancaq bütün səylərinə baxmayaraq, bu nəzəriyyəni əsaslandıra bilməmişdilər. Corc Lematrın dini mənbələrə əsaslanaraq irəli sürdüyü «Big Bang» nəzəriyyəsi isə elmin inkişafına təkan vermiş və kainatın həqiqi başlanğıcının başa düşülməsini təmin etmişdir. XX əsrin elm tarixinə baxdığımız zaman buna bənzər vəziyyətin digər sahələrdə də mövcud olduğunu görə bilərik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter