İnsanın bədənində hər hansı xalın olması nəyi isə bildirirmi?
Bəzi mistik təlimlərdə bunun müəyyən məna daşıdığı, hətta bu cür xalı olan adamın Allahın seçilmiş bəndəsi olduğu bildirilsə də, bunların İslama aidiyyatı yoxdur. Ümumiyyətlə, insandakı hər hansı fiziki nişanə və əlamətin müəyyən mənalara yozulması İslam dininə ziddir.
Burada yalnız bəzi məsum şəxslər istisna ola bilər. Məsələn, tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) kürəyində xüsusi əlamət, yəni xal var imiş. Bunu peyğəmbərlik möhrü də adlandırırlar. Yəni o həzrət \"xatəmül-ənbiya” (peyğəmbərlərin möhrü) idi, peyğəmbərlərin siyahısı Onun adı ilə tamamlanmış və möhürlənmişdi. Sanki bunun təsdiqi olaraq, kürəyində də möhür nişanəsi var imiş.
O həzrətlə müasir olan bəzi şəxslər sonuncu peyğəmbərin bədənində xüsusi əlamət olacağı barədə keçmiş dini kitablarda oxumuş, bu əlaməti görəndən sonra o həzrətin peyğəmbərliyini qəbul etmişdilər.