İlahi Peyğəmbərlər (ə) təqiyyə ediblərmi?!
Cavab: «Təqiyyə» ərəbcədən tərcümədə «çəkinmək» mənasını verir, insanın öz dini baxışlarını izhar etməkdən çəkinməsidir. «Əhzab» surəsinin 39-cu ayəsində oxuyuruq: «O peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa kimsədən qorxmazlar». Bu və digər ayələrdən məlum olur ki, peyğəmbərlərə öz risalətlərinin təbliğində təqiyyəyə icazə verilməmişdir.
Onu da unutmaq olmaz ki, təqiyyənin müxtəlif növləri vardır. Yuxarıdakı ayədə zikr olunan təqiyyə, qorxu təqiyyəsidir. Yəni peyğəmbərlər qorxu səbəbindən öz risalətini təxirə sala bilməz.
Təqiyyənin başqa bir növü, təhbibi təqiyyədir. İnsan bəzən qarşı tərəfin məhəbbətini cəlb etmək üçün öz əqidəsini açıqlamır. Belə bir təqiyyə müəyyən müştərək işlərdə qarşı tərəflə həmkarlığa şərait yaradır.
Üçüncü növ təqiyyə, pərdələnmə təqiyyəsidir. Hər bir insan və ya cəmiyyət öz məqsədinə çatmaq üçün hazırladığı planı düşməndən gizlətməlidir. Aydın məsələdir ki, qarşı tərəfin atacağı addımlardan xəbərdar olan düşmən, öz tədbirini görəcəkdir.
Peyğəmbərlərə qorxu təqiyyəsi caiz olmasa da, onların həyatında ikinci və üçüncü növ təqiyyələr kifayət qədərdir. Məsələn, spirtli içkilərin mərhələ-mərhələ qadağan olunması, buna misal ola bilər. Bütləri qırmaq qərarına gəlmiş İbrahim bütpərəstlərə şənliyə getməyib, şəhərdə qalmasının səbəbini doğru-düzgün açıqlasaydı, məqsədinə çata bilərdimi?! İmam Sadiq (ə) buyurur: «Təqiyyə mənim və mənim babalarımın ayinidir. Təqiyyəsi olmayanın dini yoxdur»=ehliwie-samux