Başqalarının yaxşı işlərinin bizə bir faydası varmı?!


Ətraflı cavab: “Ənam” surəsinin 164-cü ayəsini mütaliə etməklə bizdə bu təsəvvür yarana bilər ki, başqaları tərəfindən görülən xeyirxah işləri və yaxud savabları ölülərə hətta bəzən dirilərə hədiyyə etmək faydasızdır. Ayədə deyilir:
وَ لاتَکْسِبُ کُلُّ نَفْس اِلاّ عَلَیْها وَ لاتَزِرُ وازِرَهٌ وِزْرَ اُخْرى
“Heç kəs (əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür.”


Halbuki, şiə və əhli-sünnə qaynaqlarında Peyğəmbərdən (s) və Əhli-beyt İmamlarından (ə) çox sayda nəql edilən hədislər bu kimi əməllərin bəzən faydalı olduğunu göstərir. Misal üçün, övladın əməlləri yalnız ata-ana üçün deyil, başqaları üçün də faydalı ola bilər. Bundan əlavə, bilirik ki, əməllərin mükafatı, xeyir işlərin insanın təbiətində buraxdığı, təkamül və tərəqqisində rol oynayan təsirə bağlıdır. Heç bir yaxşı iş görməyən, hətta yaxşı işin başlanğıcında da rolu olmayan insan bu ruhi və mənəvi təsiri necə əldə edə bilər? Bəziləri bu iradı həddən artıq qabardırlar. Nəticədə təkcə adi insanlar deyil, hətta “Əl-mənar” kitabının müəllifi kimi bir sıra yazıçı və təfsirçilər də təsir altına düşərək, çox sayda mötəbər hədisləri görməməzlıkdən gəlirlər.

İki məsələyə diqqət yetirməklə belə şübhələrin cavabı aydın olur:
Birincisi, hər kəsin əməlinin şəxsi təkamülünə səbəb olması bizə məlumdur. Hər bir əməlin fəlsəfəsi, nəticəsi, həqiqi təsiri həmin əməli yerinə yetirən şəxsə aiddir. Necə ki, idman, təlim və tərbiyə ilə məşğul olmaq insanın öz fiziki və mənəvi təkamülünə səbəb olur. Lakin diqqət etmək lazımdır ki, hər hansı bir şəxs digər biri üçün yaxşı iş görürsə, bu, mütləq ondakı müstəsna hüquq və gözəl xüsusiyyətlərə görədir. O şəxs ya yaxşı müəllim, ya yaxşı şagird, ya layiqli dost, ya vəfalı qonşu, ya insanlara xidmət göstərən alim, ya həqiqət tərəfdarı olan mömin bəndədir. Bütün hallarda ən azından onun həyatında elə bir xüsusiyyəti olmuşdur ki, başqalarının nəzərini cəlb etmiş və onun əvəzində xeyir işlər görmələrinə səbəb olmuşdur. Həqiqətdə o, öz üstün cəhətinin, yaxşı xüsusiyyətinin və həyatındakı parlaq nöqtələrin nəticəsini görür. Demək, adətən, başqalarının onun üçün gördükləri xeyir işlər, onun yaxşı əməl və niyyətinin fonunda baş verir.

İkincisi, Allahın insanlar üçün nəzərdə tutduğu mükafatlar iki cürdür:
1) İnsanın ləyaqətinə və mənəvi təkamülünə müvafiq mükafatlar. Yəni, gözəl işlər görməklə ruh və mənəviyyatı o qədər inkişaf edir ki, daha yaxşı və daha yüksək aləmlərdə yaşamağa layiq olur. Düzgün etiqad və yaxşı işlər sayəsində əldə etdiyi qol-qanadla səadət səmasının yüksəkliklərində pərvaz edir. Söz yox ki, belə mükafatlar əməl sahibinin özünə aiddir və onu başqasına bağışlamaq mümkün deyil. Başqalarına verilməsi mümkün olan mükafatları isə belə izah etmək olar:

Hər yaxşı işi Allahın əmrinə itaət saysaq itaətçi öz itaəti müqabilində mükafata layiqdir. O, bu mükafatı öz istəyi ilə başqasına bağışlaya bilər. Məsələn, bir müəllim universitetdə əhəmiyyətli bir fakültədə tədrislə məşğuldur. Sözsüz ki, o öz tədrisi ilə iki şeyə nail olur. Həm tədris nəticəsində elmi təkamül və güc qazanır, həm də tədrisi müqabilində məvacib alır. Birinci nəticə şübhəsiz onun özünə aiddir və onu başqasına hədiyyə edə bilməz. İkinci nəticəni isə istədiyi şəxslərə bağışlamaqda ixtiyar sahibidir.
Əməl savabının ölüyə, bəzən də diriyə verilməsi də eynilə belədir. Beləliklə, bu zəmində olan hədislərdəki hər hansı qaranlıq məqam qalmayacaq. Lakin başqaları tərəfindən insana yetişən mükafat və savabların onun tam səadətini təmin edə bilməməsi diqqətdən yayınmamalıdır. Yəni, onların təsirləri məhduddur. İnsanı yalnız onun öz iman və əməli səadətə çatdıra bilər.=Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı.http://ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter