Qurbanlıq ətini necə bölüşdürmək və hansı üzvlərini yemək olmaz?!


Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).

Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.

== Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi. ==Qurbanlıq heyvanın da yuxarıda adı çəkilən bədən üzvlərini yemək haramdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter