`Müsibətə ağlamaq olmazmış` deyirlər. BƏS Peyğəmbərin (s) sünnəti bunu təsdiqləmişdirmi?!
1. Həzrət Həmzənin şəhadətində Həzrət Peyğəmbərin ağlaması
Əbd əl-Müttəlibin oğlu Həmzə İslamın qəhrəman və seçilmiş simalarından idi. O, Uhud döyüşündə şəhadətə çatdı. Allah Rəsulu əmisinin şəhadətə çatmasına çox qəmgin oldu. Həzrət əmisi Həmzəni “Seyyidüş-şühəda” (şəhidlər sərvəri) adlandırdı və onun ayrılığına ağladı.
Uhud döyüşündə Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadət xəbəri Həzrətin (s) qəlbində dərin bir təsir qoydu. Çünki Həzrət (s) tövhid məktəbinin ən böyük müdafiəçilərindən və özünün düzgün himayəçilərindən birini əldən vermişdi.
Buna görə də bu dərdli hadisənin müqabilində haqq olan Allahın elçisinin reaksiyası onun tabeçiləri üçün əbədi nümunədir.
Həzrətin əmisi Həmzənin əzasında ağlaması o qədər şiddətli idi ki, İbn Məsud bu barədə deyir: “Biz Allah Rəsulunun (s) əmisi Həmzəyə ağladığı kimi kimsəyə ağladığını görməmişdik. Həzrət (s) onu qibləyə tərəf qoydu. Sonra cənazənin yanında dayandı, o qədər uca səslə ağladı ki, qəşş etmək halına yetişdi. Sonra cənazəyə xitabən buyurdu: “Ey Allah Rəsulunun (s) əmisi! Ey Həmzə! Ey Allahın şiri! Ey Allah Rəsulunun (s) şiri! Ey Həmzə! Ey yaxşı işlər görən! Ey Həmzə! Ey çətinlikləri həll edən! Ey Həmzə! Ey Allah Rəsulunun (s) çətinliklərini uzaqlaşdıran!”
Lakin Həzrət Peyğəmbərin (s) ağlamaq macərası Həzrətin (s) Uhud döyüşündən qayıdan zaman Mədinə camaatının evlərindən şəhidlər üçün qalxan ağlamaq səsləri ilə başladı:
“Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər qəbilələrinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağlamaq və növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə buyurdu: “Lakin əmim Həmzənin ağlayanı yoxdur.” Səd ibn Məaz və Useyd ibn Həzir Bəni Əbd əl- Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəmbərin (s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər.” (İbn Cərir ət-Təbəri, ət-Tarix, c.2, s.210; İbn Hişam, Əs-Sirə ən-Nəbəviyyə, c.3, s.613; İbn Hibban, Əs-Siqat, c.1, s.234; İbn Kəsir, əl-Bidayə və ən-Nihayə, c.4, s.54-55)
Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardılar: “Peyğəmbərin (s) “Əmim Həmzənin ağlayanı yoxdur!” kəlamını eşidəndən sonra heç bir qadın öz ölüsünə Həmzə üçün ağlamazdan əvvəl ağlamadı.” (İbn Həcər əl-Heysəmi, Məcmə əz-Zəvaid, c.6, s.126)
Möminlər və Həzrət Peyğəmbərin (s) düzgün davamçıları Həzrətin (s) əməli sünnəsini öz əməllərinin meyarı hesab edir. Buna görə də Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadətində təşkil etdiyi əzadarlıq övliyaların, din rəhbərlərinin şəhadəti münasibətilə keçirilən əzadarlıqlara şəri bir meyardır.
2. Cəfər ibn Əbi Talibin (Cəfər Təyyar) şəhadətində Həzrət Peyğəmbərin ağlaması
Cəfər ibn Əbi Talib Təyyar Mutə döyüşünün komandirlərindən idi. Allahın Rəsulu (s) Cəfərin şəhadət xəbərini eşidən kimi onun övladlarının yanına getdi. Evə daxil olan kimi Cəfərin uşaqlarını səslədi. Mübarək gözlərindən yaş axa-axa o uşaqları iylədi.
Cəfərin həyat yoldaşı nəyinsə baş verdiyini hiss etdiyi üçün Həzrətdən (s) soruşdu: “Atam-anam sənə fəda olsun, sizi ağladan nədir? Cəfər və onun yoldaşlarından sizə bir xəbərmi yetişib?”
Buyurdu: “Bəli, onlar bu gün şəhid oldular. Ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (6 İbn Əbd əl-Birr, əl-İstiab, c.1, s.313; İbn əl-Əsir, Usd əl-ğabə, c.1, s.241; İbn Həcər əl-Əsqəlani, əl-İsabə, c.2, s.238; İbn əl- Əsir, əl-Kamil fi ət-tarix, c.2, s.420)
Həzrət Peyğəmbərin əməli üsulu və sünnəsi (s) ölənlərə ağlamağı və əzadarlıq mərasimlərini təsdiq etməsindən əlavə qeyd olunmuş bu nümunələr Həzrətin (s) imzası hesab olunur. Çünki ağlayıb əzadarlıq edən müsibət sahiblərinə Həzrət (s) bu işi qadağan etmədi. Əksinə, bu qadağanı qoymamaqdan əlavə Həzrətin (s) özü əzadarlıq edib ağlayır.
3. Zeyd ibn Harisənin şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması
Zeyd ibn Harisə də Mutə döyüşünün komandirlərindən idi. Belə ki, o, Allah Rəsulunun (s) göstərişi ilə Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvahə ilə birlikdə müharibənin rəhbərliyini öz öhdəsinə götürmüşdü. Onun şəhadət xəbəri bildirilən kimi Allah Rəsulu (s) onun evinə getdi. Zeydin qızı Həzrəti (s) görən kimi boğazını qəhər tutdu və uca səslə ağlamağa başladı. Həzrət (s) də ağladı. Soruşdular ki, “niyə ağlayırsınız?” Həzrət (s) buyurdu:
“Dostun dosta olan məhəbbətindən (ağlayıram).” (Muhəmməd əl-Munəvi, Feyz əl-qədir, c.3, s.695)
4. Peyğəmbərin (s) Əbd əl-Müttəlib üçün ağlaması
Həzrət Əbd əl-Müttəlib dünyasını dəyişəndən sonra Allah Rəsulu (s) əziz babası üçün ağladı. Ümmü Əymən deyir: “Mən Allah Rəsulunu (s) Əbd əl-Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.”
5. Peyğəmbərin (s) Fatimə bint Əsəd üçün ağlaması
Əbu Talibin həyat yoldaşı və Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd Həzrət Peyğəmbərin (s) yanında sevimli kəslərdən idi. O da həmçinin Həzrəti (s) müdafiə etmək üçün çox səy göstərmişdi. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir: “Peyğəmbər (s) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.” (Muhib əd-Din ət-Təbəri, Zəxair əl-uqba, s.56)x