`Müsibətə ağlamaq olmazmış` deyirlər. BƏS, Quran və sünnənin cavabı ....
Şəkk yoxdur ki, şadlıq və əzadarlıq məclisləri təşkil etmək fitri bir məsələdir. Belə ki, əvvəldən tayfa və millətlər arasında rəvac tapıb və ilahi dinlər də bu prinsipin doğru olduğuna imza atıblar. Amma hər il Məhərrəm ayı gəldikdə İslam düşmənləri özləri İslamda olmadıqları halda, guya dinin qeydinə qalırlarmış kimi ağlamağın, əzadarlıq məclislərinin dinə zidd olduğunu söyləyirlər. Amma gəlin görək, İslami mənbələr nə deyir.
1. Quranda ağlamaq
Bidətin mənalarında olan məsələləri nəzərə alsaq, ağlamaq barəsində Quranda ağlamağın mədh və ya məzəmmət olunmasını müəyyən etmək üçün Quranda olan nöqtələrə işarə edirik.
Ağlayan gözlərə işarə edən ayələr:
“Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]” (Tövbə, 82)
Allah-Təala yuxarıdakı ayədə elə bir işə əmr edir ki, əgər Özü o işə razı olmasaydı, ona əmr etməzdi. Allah-Təala Öz peyğəmbərlərini belə mədh edir:
“Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.” (Məryəm, 58)
Allah-Təala elm verdiyi kəslərin sifətlərini belə bəyan edir:
“Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.” (İsra, 109)
Allah-Təala Quran nazil olan zaman möminləri belə vəsf edir:
“Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən.” (Maidə, 83)
Deyildiyi kimi, Qurani-Kərimdə ağlamaq, göz yaşı tökmək müsbət istiqamətdə ruhi dəyişikliyin nəticəsi olaraq məzəmmət olunmamış, əksinə, Allah tərəfindən tərifə layiq bir əməl hesab olunmuşdur. Çünki ağlamaq bəşərin fitri meyllərindən və insan şəxsiyyətinin bir hissəsindən hesab olunur.
2. Peyğəmbərlərin həyat tərzində ağlamaq
İmam Hüseynə (a) ağlamaq mövzusunda böyük ilahi peyğəmbərlərin əməli həyat tərzinə nəzər etmək, bunun əql və nəql baxımından qanuni olmasını bilmək mühüm ünsürlərdəndir. Çünki peyğəmbərlərin əməli həyat tərzi bizim əməllərimizin din baxımından qanuni olmasına ən yaxşı şahiddir. Necə ki, Allah-Təala onların üslubuna tabe olmağı bizə əmr edir:
“Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır.” (Mumtəhinə, 4)
“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.” (Əhzab, 21 )
Müxtəlif hadisələrlə üzləşən zaman peyğəmbərlərin ruhi təəssüratları ilə bağlı yaşayışlarından müəyyən hissələri nəql etməklə bizə qaneedici cavaba yetişməkdə kömək edə bilir. İndi onlardan bəzilərinə işarə edirik:
a) Övladının ayrılığına Yaqub Peyğəmbərin (ə) ağlaması
Həzrət Yusifin (ə) macərası əvvəldən sonadək qorxunc və təsiredici bir faciə kimi nəql olunub. Həsəd atəşi Həzrət Yusifin (a) qardaşlarının ürəyində coşub-daşırdı və bu həsəd qardaşları Həzrəti (ə) yox etmək qərarına gətirir. Belə ki, Həzrəti (ə) quyunun dibinə atır, onun köynəyini parça-parça edərək qana bulayırlar. Atalarına da qardaşlarını canavarın yediyini xəbər verirlər. Bu xəbərdən sonra Həzrət Yaqub (ə) sonsuz qəm-qüssə keçirərək övladının əlindən çıxması ilə əlaqədar gecə-gündüz ağlayırdı.
Allah-Təala bu macəranı Həzrət Yaqubun (ə) dilindən belə buyurur:
“Dedi: “Heyif Yusifdən!” Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.” (Yusif, 84)
Həzrət Yaqub (ə) övladının diri olduğunu və yenidən onu ağuşuna alacağını bilə-bilə bu ayrılığa ağlayır. Həzrət (ə) bu ruhi çətinliyinə təskinlik tapmaq üçün pənahgah axtarır və buyurur:
“Dedi: “Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusifin diri olmasını) bilirəm.” (Yusif, 86 )
Bu ilahi dəlildən övliyalara ağlamağın və zalımlardan, onların pis əməllərindən Allaha şikayət etməyin düzgün olması nəticəsi alınır. Bu da ilahi peyğəmbərlərdən birinin həyat tərzi kimi müsibətlərə əzadarlıq etməyin qanuni olmasına qəti bir dəlildir.
Bu barədə əhli-sünnə mənbələrində də kifayət qədər rəvayətlər var.
Əbu əl-Qasim əz-Zəməxşəri bu ayənin təfsirində özünün “əl-Kəşşaf” kitabında yazır: “Həzrət Yaqubun (ə) Həzrət Yusifin (ə) ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi.” (Əz-Zəməxşəri, Əl-Kəşşaf, c.2, s.339 )
b) Yusifin (ə) ağlaması
Nəinki Həzrət Yaqub (ə) bu ayrılığa göz yaşı tökürdü, Həzrət Yusif (ə) də bu ayrılığa yanırdı. İbn Abbasın belə dediyi nəql olunur: “Həzrət Yusif (ə) zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı.”(Əbu Abdullah əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.9, s.88 )
c) Allah Rəsulunun (s) sünnəsində ağlamaq və göz yaşı tökmək
I. Yaşlı gözlərə sahib olmağı arzulamaq
Əl-Qurtubinin təfsirində Allahla münacatı zamanı Həzrət Peyğəmbərin (s) Allahdan belə bir istəyinə işarə olunub: “Ya Allah! Məni Sənin üçün ağlayanlardan və xuşu edənlərdən qərar ver!” (Əbu Abdullah əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.11, s.215 )
O Həzrətdən (s) nəql olunan başqa bir duada deyilir: “Ya Allah! Mənə ağlayan gözlər inayət elə!” (Muhəmməd əl-Munəvi, Feyz əl-qədir, c.2, s.181 )
Həqiqətdə Allah Rəsulu (s) dua və münacatlarının arasında Allahın razı olduğu batini arzusunu Allahdan istəmişdir. Əgər bu iş Allah tərəfindən dəstəklənməsəydi, heç vaxt Həzrət (s) öz münacatında belə bir arzunu Allahdan istəməzdi.
II. Atəşin heç vaxt yandırmayacağı gözlər
Peyğəmbərdən (s) iki qrupun mədhi haqqında belə bir hədis nəql olunur: “İki göz cəhənnəm atəşindən amandadır: Allah qorxusundan ağlayan göz və camaatın canını, namusunu və əmin-amanlığını qorumaq üçün gecələr yatmayan göz.”( Əbu İsa ət-Tirmizi, əs-Sunən, c.3, s.96 )
III. Allaha görə ağlamaq
Əl-Buxari öz «əs-Səhih»ində Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir:
“Yeddi qrupu Allah Öz rəhmətinin kölgəsində qərarlaşdıracaq ... Yanında Allah xatırlananda gözlərindən yaş gələn kəsləri.” (Muhəmməd ibn İsmayıl əl-Buxari, əs-Səhih c.7, s.185 )
IV.Allah qorxusundan ağlamaq
Ət-Tirmizi öz “əs-Sünən”ində belə nəql edir:
Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Allah qorxusundan ağlayan kəs cəhənnəmə daxil olmayacaq.” (Əbu İsa ət-Tirmizi, əs-Sünən, c.3, s.380 )
V. Dünyada ağlamaq axirətdə ağlamağın qarşısını alır
Hafiz əl-İsfahani öz kitabında Peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Dünyada günahlarına görə ağlayan kəsin üzünə Allah cəhənnəmi haram edər.” (Hafiz əl-İsfahani, Zikru əxbari İsfahan, c.2, s.171 )\\\\faktxeber.com