Kərbəlaya piyada getməyi ilk dəfə kim başladıb?
Ərbəin səfəri uzun tarixə malikdir. Bəzi zamanlar olub ki, Ərəbinə gedənləri həbs və edam ediblər. Lakin indi dünyanın ən böyük illik toplantısına çevrilib.
Bəzi mənbələr göstərir ki, İmam Hüseynin (ə) qəbrini ilk dəfə Aşuradan 40 gün sonra Xanım Zeynəb (s.ə), İmam Səccad (ə), Cabir ibn Abdullah Ənsari və Bəni-Haşim qəbiləsindən olan bir qrup ziyarət edib. Sonrakı illərdə şiələr onların bu addımını təkrarlayıblar.
Əsrlər boyu Ərbəin yürüşü, xüsusən də Nəcəfdən Kərbəlaya qədər olan məsafəni piyada qət etmək İslamın böyük alimləri tərəfindən təbliğ olunub.
Səfəvilər hakimiyyəti dövründə də Ərbəin ziyarəti alimlər tərəfindən təbliğ edilib və və Şeyx Ənsari, Axund Xorasani və başqa alimlər şagirdləri ilə birlikdə piyada Ərbəin ziyarətinə gediblər.
Kərbəlaya səfər maşınla daha da asanlaşdıqdan sonra piyada səfər etmək tamamilə unudulmaq üzrə olub. Lakin Ayətullah Seyyid Mahmud Şahrudi şagirdləri ilə birlikdə Kərbəla ziyarətinə piyada gedib və bu cür ziyarət yenidən gündəmə gəlib. Onun bu hərəkəti ilə yeni bir hərəkat başlayıb. Yürüş simvolik mənəvi hərəkata çevrilib.
Ayətullah Şahrudi Kərbəlaya Məkkə və Mədindən piyada getməyin əsasını qoyub və özü 260 dəfə piyada Kərbəlaya səfər edib. Sonda isə Nəcəfdə İmam Əlinin (ə) hərəmində dəfn olunub.
Ayətullah Şahrudinin İslam aləmindəki dini və ictimai mövqeyi Kərbəla ziyərtinə piyada getməyi daha da gücləndirib.
Daha sonra Kərbəlaya piyada gedənlər arasında müxtəlif millətlərdən olanları da görmək mümkün olub. Yol boyu ərəb, fars, türk, urdu və sair dillərdə şüarlar səsləndirilib, mərsiyələr oxunub.
O zaman Ərbəin yürüşünə gedənlərin şüarı belə imiş: \"Ey ağam, ey Hüseyn, əllərimizi və ayaqlarımızı kəssələr, sinəmiz üstə sənə tərəf gələcəyik\".
Əlbətdə, bu gediş və insanların Kərbəlaya axını İraqdakı BƏƏS rejimini narahat etdi. Səddam Hüseynin rəhbərlik etdiyi BƏƏS rejimi yürüş edənlərə qarşı silahlı hücumlara başladı, çoxlu sayda insan həbs edildi və işkəncəyə məruz qaldı. Ərbəin yürüşünə dəvət edənlərdən 6 nəfəri isə edam edildi.
İraqda Səddamın hakimiyyəti dövründə şiələr İmamların ziyarətgahlarını ziyarət edə bilmirdilər. Həmçinin Ərbəin yürüşü də mümkün deyildi. Səddam hakimiyyəti bu yürüşlərə ciddi şəkildə qadağa qoymuşdu.
Həmin dövrdə Ərbəin yürüşünə getməyin cəzası həbs və edam idi. BƏƏS üzvləri Ərəbiənə piayada gedənləri tapan kimi öldürürdülər. İraqlı şiələr həmişə gizli şəkildə Ərbəin ziyarətinə getməyin acı və şirin xatirələrini danışırlar.
Səddam Hüseyn rejimi devrildikdən sonra yenidən Kərbəlanin yolu açıldı. Dünyanın hər yerindən Ərbəinə ziyarətlər başaladı. O vaxtdan bəri Ərbəin zəvvarlarının sayı ilbəil artır və xarici qüvvələrin İraqda olması, iğtişaşlar və problemlər zəvvarların gediş-gəlişinə mane olmayıb.