İslam Peyğəmbərinin (s) nübuvvətinə iman gətirmək deyildə nə nəzərdə tutulur?!
Həzrət Adəm (əleyhis-salam)-dan sonuncu Peyğəmbər həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qədər, insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin haqq olmasına inanmaq və onları təsdiq etmək.
Allah-taalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin vasitəsi ilə olmuşdur. Bütün Peyğəmbərlərin hədəfi Allahın yeganəliyi, adillliyi, hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.
Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra isə bir daha Peyğəmbər gəlməyib və heç vaxt gəlməyəcəkdir. Buna görə də ona «Хatəmül-ənbiya», yəni «Peyğəmbərlərin sonuncusu» deyirlər. Necə ki, Qurani-Kərimdə buyurulur:
« وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ »
«Lakin o, Allahın Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur.»
Bu haqda hədislərimiz çoxdur. Nümunə olaraq İmam Sadiq (əleyhis-salam)-ın mübarək kəlamlarından birinə işarə edirik:
«قَالَ الْاِمامُ الصَّادِقُ (عَلَيْهِ السَّلاَمُ):
إِنَّ اللهَ خَتَمَ بِنَبِيِّكُمُ النَّبِيِّينَ فَلاَ نَبِىَّ بَعْدَهُ اَبَدًا»
«Həqiqətən Allah-taala sizin Peyğəmbəriniz ilə Peyğəmbərləri sona çatdırdı, beləliklə də ondan sonra əsla heç bir Peyğəmbər gəlməyəcəkdir».
İslam Peyğəmbəri bütün Peyğəmbərlərin sonuncusu olduğu kimi, eləcə də bütün Peyğəmbərlərin daha üstünüdür. Buna görə də Ona «Әşrəfül-Әnbiya» yəni, «Peyğəmbərlərin ən şərəflisi» deyirlər. Bu Peyğəmbərin Allah yanında çox böyük məqamı və uca mərtəbəsi vardır. Biz müsəlmanlar isə Onun ümməti sayılır beləki, Onun dinini qəbul edib əməl edənlər və Onun yolu ilə gedənlərik.
Peyğəmbərlik haqqında əsas məsələlərdən biri də onların məsum, yəni, hər hansı bir günah, eyb və nöqsandan pak olmasından ibarətdir.
Peyğəmbərin gətirdiyi hər bir hökmə əməl etmək, qadağan etdiklərindən çəkinmək hər bir müsəlmana vacibdir. Necə ki, Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur:
« وَمَآ ءَاتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوْا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ»
«Peyğəmbərin sizin üçün gətirdiyini alın [əməl edin] və qadağan etdiyindən çəkinin. Allah qarşısında təqvalı olun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.»
Peyğəmbərin bizə gətirdiyi hökmlər isə Qiyamət gününə qədər qalacaq və heç vaxt əvəz olunmayacaqdır.
İmam Sadiq (əleyhis-salam) bu haqda belə buyurmuşdur:
«قالَ الْاِمامُ الصّادِقُ (عَلَيْهِ السَّلامُ):
حَلاَلُ مُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمْ) حَلاَلٌ اِلَى يَوْمِ الْقِيَامَةِ وَ حَرَامُهُ حَرَامٌ اِلَى يَوْمِ الْقِيَامَةِ»
«Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in halal etdiyi bütün şeylər Qiyamətə qədər halal və haram etdiyi şeylər isə Qiyamətə qədər haramdır».
Peyğəmbər göndərilməsinin digər bir səbəbi də budur ki, bəndələr üçün höccəti tamam edir və bütün bəhanə yollarını bağlayır ki, Qiyamət günü heç kəs «Ey Allah bizə bir peyğəmbər göndərsəydin, biz də ona tabe olub yolumuzu azmazdıq» deməsin.
Nübüvvət haqqında məsələlər çoxdur. Bu kitab müxtəsər olduğuna görə sözümüzü uzatmayıb, bununla Üsuli-dinin nübüvvət hissəsini sona çatdırırıq.
Kitabın adı: Bəşəriyyətin nicat yolu -Müəllif: Rüstəm Badkubeyi\\\\ehliwie-samux.