İslamda dünya işlərində qəmlənmək olmaz amma dünyada Bəyənilən qəmlər də var – 10 nümunə


Qəm və qüssə biz insanlar arasında çox vaxt bəyənilməyən və həyatı daha ağır edən əməllərdəndir. Bəzən bu qəm elə həddə çatır ki, insanı işdən və həyatdan ləzzət almaqdan saxlayar. Bu ifrat qəm adətən dünyaya aid olan mövzulara görə baş verər.
Dinimizin nəzərinə görə bəyənilən qəmlər də vardır ki, onlarla tanış olaq:

1. Axirət ehtiyatının az olması qəmi. İmam Sadiq (ə) bir kişini görür ki, oğlunu əldən verdiyi üçün çox taqətsizlik edir. Ona buyurur: “Ey qəm görmüş insan! Kiçik müsibətlərə görə taqətsizlik edirsən. Böyük müsibətdən qəflətdəsən. Əgər oğlunun getdiyi yola hazır olsaydın, heç bir zaman onun üçün bu qədər taqətsizlik etməzdin. Sənin bu səfər üçün hazır olmamağının müsibəti, övladını əldən verməyin müsibətindən daha böyükdür”.

2. Təkamül edə bilməməyin qəmi. İmam Əli (ə) buyurur: “Hər kimin hümməti böyük olar, qəmi uzun olar”.

3. İstedadları əldən verməyin qəmi. Qüdsi hədisdə oxuyuruq: “Ey Bəni-Adəm! Hər gün sənə ruzi çatar. Sən qəmgin olursan. Ömründən azalır – ancaq qəmgin olmursan? Elə şey istəyirsən ki, tüğyan və üsyanına səbəb olar. Halbuki, kifayət qədər ona maliksən”.

4. İmam Zaman ağadan (ə.f) uzaq olmağın qəmi. “Əhd” duasında oxuyuruq: “Allahım! Həzrətin (ə.f) hüzurunda olan bu qəm və giriftarlıqları aradan qaldır və bizim üçün o Həzrətin (ə.f) zühurunu təcil et”.

5. Quranı qəmli oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “Quran hüznlə nazil olmuşdur. Ona görə də Quran oxuyan zaman ağlayın. Əgər ağlamasanız belə, Quranı ağlar halla oxuyun”.

6. Axirətin qəmi. İmam Əli (ə) buyurur: “Sənin sevincin gərək elə şeylərə görə olsun ki, axirət yolunda nail olmusan. Təəssüfün elə şeylərə görə olsun ki, axirətə aiddir və sən ondan məhrum olmusan”.

7. Meyit namazında iştirak edən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Ölülərinə namaz qıl və bəlkə ölülərə namaz qılmağın səni qəmgin edər”.

8. Ölümü yada salan zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Ölümü, qəbirdən çıxacağınız zamanı və Qiyamət gününü çoxlu yada salın ki, müsibətlərə dözmək sizin üçün asan olsun”.

9. Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) müsibətini yada salmaq. İmam Sadiq (ə) buyurur: “O zaman ki, sizə müsibət üz verər, Peyğəmbərin (s) müsibətini yadınıza salın. Çünki insanlar onun müsibəti kimi müsibət görməyiblər”.

10. Başqalarının yoxsulluq və müşküllərinin qəmini çəkmək. Bəyənilən qəmlərdən biri də başqalarının yoxsulluq və giriftarlıqlarına görə qəm çəkməkdir. Bu cür hal möminin nişanələrindəndir. Mömin şəxs o kəsdir ki, davamlı olaraq başqalarının qəmini çəkər. Onların giriftarlıqlarını azaltmağa çalışar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter