Vacib namazda hansı hallarda niyyəti dəyişmək vacib və müstəhəbdir?!


Cavab: Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: belə ki, namaz qılan şəxs əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: belə ki, işa namazını qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də ötməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ etməmişdir).
3) Əgər namaz qılan şəxsin boynunda iki namazın qəzası vardırsa və bu namazları öz vaxtında tərtib ilə qılmaq şərt idisə, bu halda əgər unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan qabaq ikinci namazın qəzasını qılmağa başlamışdırsa, niyyəti birinci namaza dəyişməlidir.

Aşağıdakı hallarda namazın niyyətini dəyişmək müstəhəbdir:
1) Niyyəti əda namazından (öz vaxtında qılınan namaz) vacib namazın qəzasına dəyişmək: bu şərtlə ki, niyyəti dəyişmək nəticəsində əda namazının fəzilətli vaxtı əldən çıxmayacaqdır.
2) Camaat namazının savabını əldə etmək üçün niyyəti vacib namazdan müstəhəb namaza dəyişmək.
3) Cümə gününün zöhründə niyyəti vacib namazdan nafiləyə dəyişmək: belə ki, namaz qılan şəxs “Cümə” surəsini qiraət etməyi unudub onun yerinə başqa bir surəni oxumağa başlamışdır və surənin yarısına çatmış və ya yarısını keçmişdir. Əlbəttə, baxmayaraq ki, bu halda “Cümə” surəsini oxumağın savabını əldə etmək üçün namazın niyyətini dəyişmək müstəhəb ehtiyata müvafiqdir, amma namaz qılan şəxs oxuduğu surəni saxlayıb “Cümə” surəsini oxuya bilər. -Ayətullah Xameneinin fətvalarına əsasən


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter