MÜAVİYӘ İBNİ ӘBU SÜFYAN KİMDİR?


Üçüncü xəlifə Osman ibni Әfvanın haqqında danışarkən onun Bəni-üməyyə tayfasına öz hakimiyyətində xüsusi yer verməsini qeyd etmişdik. Xüsusilə, Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə (indiki Dəməşq) hakim təyin olunması barədə qısaca məlumat vermişdik. Müaviyənin necə bir məlun və çirkin şəxsiyyət olması bütün İslam tarixçilərinə məlumdur. Təəssüflə qeyd etməliyik ki, bəzi əhli-sünnət alimləri, Müaviyə Peyğəmbərin (s) səhabəsi və ya vəhy katibidir - deyə, onun cinayətlərinə göz yummağa çalışırlar. Lakin insafla demək lazımdır ki, belə alimlər çox azdır. O alimlər özləri də yaxşı bilirdilər ki, hər hansı bir cinayəti ört-basdır etmək və o cinayətlə razılaşmaq həmin cinayətə şərik olmaq deməkdir.
İlk növbədə Müaviyənin xilafət və hakimiyyətinin əsaslarına nəzər salaq. O, hansı əsasla İslam xəlifəsi sayılır? Müaviyə Osman ibni Әfvan tərəfindən Şam şəhərinə hakim, yəni xəlifənin nümayəndəsi təyin olundu. Bütün əhli-sünnətin rəsmi şəkildə dördüncü xəlifə qəbul etdikləri Әli (ə) xilafətə çatdığı ilk gündən Müaviyəni bu vəzifədən kənarlaşdırdı. Lakin Müaviyə dövri xəlifənin hökmünü ayaq altına ataraq özünü müstəqil bir hökumət elan etdi. Buna görə də tam qətiyyətlə deyə bilərik ki, İslam xilafətini parçalayıb ümməti fəlakətə salan ilk şəxs Müaviyə olmuşdur.
Müaviyənin lənətlənməyə layiq olduğunu təsdiqləyən bəzi dəlilləri əziz oxuculara təqdim edirik:
1. Qurani-Kərimin açıq-aşkar ayəsinin hökmünə əsasən Müaviyə və atası Әbu Süfyan başda olmaqla Bəni-üməyyə tayfası Allah tərəfindən lənətlənmişdir.
Bütün təfsirçilərin, o cümlədən İmam Sələbi, İmam Fəxri Razi, Siyuti və başqalarının yazdıqlarına əsasən Peyğəmbər (s) bir gecə Bəni-üməyyə tayfasının meymun şəklində onun mənbərinə çıxdıqlarını gördü. Həzrət yuxudan ayılan kimi bu ayə nazil oldu:
«Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik. Həmçinin Quranda zikr olunan lənətlənmiş ağac da (belədir).» (İsra-60)
Qeyd etdiyimiz təfsirçilər və onlarla digər alimlər ayədə deyilən «lənətlənmiş ağacın» Bəni-üməyyə tayfası olduğunu yazmışlar.
2. Ötən bəhslərimizdə Məhəmməd Təbərinin «Tarixul-uməmi vəl-müluk» kitabında yazdığı bir hədisi təqdim etmişdik. Әbu Süfyan bir ulağa minib oğlu Müaviyə və nəvəsi Yezidlə birlikdə getdiyi zaman Peyğəmbər (s) onların hər üçünü lənətlədi.
3. Qurani-Kərim günahsız insanların öldürülməsi barədə buyurur:
«Bir mömini bilərəkdən öldürən şəxsin cəzası əbədi cəhənnəmdir. Allah o şəxsə qəzəb və lənət edər, onu böyük bir əzaba düçar edər.» (Nisa-93)
Minlərlə günahsız insanın qanını tökən Müaviyə şübhəsiz ki, bu ayənin hökmünə daxildir.
İbni Әsakir, Yəqub ibni Әbu Süfyan, Beyhəqi, İbni Әbdül-birr, İbni Әsir və başqaları öz tarix kitablarında yazırlar:
«Peyğəmbərin (s) ən sadiq səhabələrindən olan Hücr (ya Hicr) ibni Әdi (Üdey) və digər yeddi nəfər səhabə Әli (ə)-a lənət oxumadıqlarına görə Müaviyənin əmri ilə ağır işgəncələrlə öldürüldülər.» (Bu səhabələrin qəbri indiyə qədər Dəməşq şəhərində qalır.)
Peyğəmbərin (s) əziz nəvəsi, behişt cavanlarının ağası İmam Həsən ibni Әli (ə) Müaviyənin planı ilə öldürülmədimi?
Məsudi, İbni Әbdül-birr, Әbdul-fərəc İsfəhani, Məhəmməd ibni Səd öz tarix kitablarında İmam Həsən (ə)-ın Müaviyənin hiyləsi ilə öz arvadı tərəfindən zəhərlə öldürülməsini geniş şəkildə yazmışlar.
Təbəri, İbni Xəldun, Səmhudi kimi tarixçilərin yazdığına əsasən qaniçmiş sərkərdə Bosr ibni Әrtat Müaviyənin əmri ilə Peyğəmbərin (s) müqəddəs şəhəri Mədinəyə və eləcə də Yəmənə hücum edərək qocalı, cavanlı, qadınlı, uşaqlı 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər.
Bu qədər tökülən müsəlman qanları Müaviyənin məlun və zalim olduğunu isbat etməyə yetərli deyilmi?
4. Әllidən artıq əhli-sünnət alimi, o cümlədən İmam Sələbi, İmam Fəxri Razi, İbni Səbbağ Maliki, İmamul-hərəm, Müslim ibni Həccac (Səhihi-Müslimin müəllifi) və başqaları Peyğəmbərdən (s) bu hədisi nəql edirlər:
«Hər kəs Әli (ə)-ı söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür.»
Məscidlərdə, mənbərlərdə Әli (ə)-a lənət və söyüş söydürən Müaviyə kafir və məlun sayılmırmı?
Bütün tarixçilərin yazdığına əsasən Müaviyənin qoyduğu bu bidət səbəb oldu ki, Әli (ə) 69 il müsəlmanlar tərəfindən nalayiq sözlərlə təhqir olunub söyülsün.
Müaviyənin Peyğəmbər (s) səhabəsi və ya vəhy katibi olması onun bu cinayətlərinə, fəsad və küfrünə bəraət qazandıra bilərmi?
Yeri gəlmişkən Müaviyənin vəhy katibi (Quran yazan) olması barədə də bir neçə kəlmə məlumat verək. Müaviyə Peyğəmbərin (s) risalətinin son illərində iman gətirdi. Hamıdan axırda iman gətirdiyi üçün xalq arasında xəcalət çəkirdi. Tarixçilərin yazdığına əsasən Peyğəmbərin (s) əmisi Abbas o həzrətdən xahiş etdi ki, Müaviyəyə bir iş tapşırmaqla onu bu vəziyyətdən xilas etsin. Peyğəmbər (s) ərəblərə göndərdiyi məktubları yazmağı Müaviyəyə tapşırdı.
Әhli-sünnət tarixçisi Mədaini nəql edir ki, Zeyd ibni Sabit vəhy katibi idi.
Müaviyə isə Peyğəmbərlə (s) ərəblər arasında olan məktubları yazırdı.
Təəccüblüdür ki, fasiq və məlun olması bütün tarix kitablarında təsdiqlənən bir şəxsin cinayətləri ört-basdır edilir və Peyğəmbərin (s) yoldaşı ummul-həbibənin qardaşı olduğu üçün xalul-möminin - möminlərin dayısı adlanır!? Lakin xəlifə Әbu Bəkrin oğlu, Aişə xanımın qardaşı Məhəmməd ibni Әbu Bəkr Әli (ə)-ın sədaqətli səhabəsi olduğu üçün heç kim tərəfindən xatırlanmır...!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter