Əmirəl-Möminin Həzrəti Əli (ə) niyə dərdini quyuya deyirdi?
Meysəm Təmmar nəql edir: “Gecələrin birində İmam Əli (ə) məni səhraya apardı. Kufədən xaric olduq. Cəfi məscidinə çatdıq.
Həzrət (ə) dörd rükət namaz qıldı və salam verəndən və təsbih edəndən sonra əllərini göyə qaldırdı və buyurdu: “Allahım! Səni necə çağırım o halda ki, Sənin günahkar bəndənəm. Səni necə çağırmayım o halda ki, Sənə aşiqəm.
Allahım! Günahla dolu əllərim və ümid dolu gözlərimlə Sənə tərəf gəlmişəm.
Allahım! Sən bütün nemətlərin maliki, mən isə xatalarımın əsiriyəm…”.
Həzrət (ə) səcdəyə gedir və üzünü torpağa qoyur. Yüz dəfə deyir: “Allahım, məni bağışla!”.
Bundan sonra məsciddən xaric olduq və səhraya gəlib çatdıq. Həzrət (ə) mənim ətrafımda bir xətt çəkdi və buyurdu: “Bu xətdən çıxma”.
Məni tək qoydu və getdi. Gecənin qaranlığında yox oldu.
O gecə qaranlıq idi. Öz-özümə dedim: “Ey Meysəm! Mövlanı bu qaranlıq səhrada tək qoyacaqsan?!”.
Öz-özümə and içdim ki, Mövlamı (ə) tapacağam. Həzrətin (ə) ardınca getdim və onu axtardım. Həzrəti (ə) uzaqdan gördüm. Elə ki, ona çatdım gördüm ki, mübarək bədəninin yarısı quyuya əyilmişdir. Quyu ilə söhbət edirdi. Quyu da onunla söhbət edirdi.
Həzrət (ə) mənim gəldiyimi hiss etdi və dedi: “Kimsən?”.
Dedim: “Meysəm”.
Buyurdu: “Məgər demədim ki, o xətdən ayağını bayıra qoymayasan?”.
Dedim: “Dözə bilmədim və qorxdum ki, düşmənlər sənə ziyan vursunlar”.
Soruşdu: “Dediklərimdən bir şey eşitdinmi?”.
Dedim: “Xeyr, sərvərim”.
Buyurdu: “Ey Meysəm! O zaman ki, sinəm malik olduqlarıma görə tənglik hiss edər, torpağı əlimlə qazaram. Sirrimi ona deyərəm. Nə zaman o torpaqdan bitki bitsə, o bitki həmin toxumdandır ki, mən əkmişəm”/Deyerler.