ӘBU BӘKRİN DİGӘR FӘZİLӘTLӘRİ NƏ İDİ?
Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət məqamına hamıdan layiqli olduğunu iddia edən əhli-sünnə qardaşlarımızın istinad etdiyi dəlillərdən əsas hissəsini Peyğəmbərin (s) hədisləri təşkil edir. Nəql olunan bu hədislərdə Әbu Bəkrin fəzilətlərindən geniş şəkildə söhbət açılır.
Biz hədisşünaslıq haqqında müəyyən qədər məlumat vermişik. Qeyd etmişdik ki, hər hansı bir cümlənin Peyğəmbərə (s) istinad olunması onun mötəbər bir sənəd olması demək deyildir. Bu məsələdə islami məzhəblərin hamısı eyni fikirdədir, bütün alimlər əldə olunan hədislərin bir hissəsini səhih və mötəbər olmadığını qəbul edirlər. Ötən bəhslərimizdə qeyd etdiyimiz kimi, hədislər ilk növbədə sənəd və məzmun etibarı ilə araşdırılır. Bir hədisin raviləri arasında ən azı bir nəfər yalançı şəxs olarsa və ya hədisin məzmunu isbat olunmuş islam etiqadları, Qurani-Kərimin ayələri ilə uyğun gəlməzsə, o hədis etibarsız sayılır.
Әbu Bəkrin fəzilətləri barədə nəql olunan hədislərin də bu iki yolla araşdırılması zəruridir.
Әhli-sünnə kitablarında bu barədə nəql olunan hədislərin daha mötəbər və məşhurlarına nəzər salaq:
1. Ömər ibni İbrahim İsa ibni Әlidən, o isə Abdullah ibni Abbasdan nəql edir:
«Peyğəmbər (s) əmisi Abbasa buyurdu: Әmi, Allah-taala Әbu Bəkri Öz dini üçün mənim xəlifəm qərar verdi. Onu eşidin, ona itaət edin ki, nicat tapasınız...»
A. Hədisin sənədi:
Bu hədisi silsiləvari olaraq söyləyən bir neçə ravidən biri də Ömər ibni İbrahimdir ki, onun şəxsiyyəti və sözü əksər əhli-sünnə alimləri tərəfindən qəbul olunmamışdır.
Zəhəbi «Mizanul-etidal» kitabında yazır:
«Ömər ibni İbrahim çox yalançı bir şəxsdir».
Әbu Bəkr Xətib Bağdadi «Tarixu Bağdad» kitabında yazır:
«Ömər ibni İbrahim əksər hədisşünaslar tərəfindən qəbul olunmamışdır. Çünki o çox yalançı və iftiraçıdır».
B. Hədisin mətn və məzmunu:
Qeyd olunan hədisin mətni, onun məna və məfhumu da onun mötəbər olmadığını göstərir.
Әhli-sünnə məzhəblərinin xilafət barədə olan etiqadı ilə artıq tanış olmuşuq. Onların əqidəsinə görə Peyğəmbər xəlifəsinin təyin olunması haqda xüsusi bir göstəriş yoxdur. Xalq özü öz rəhbərlərini seçməkdə azaddır. İcma yolu ilə hər kəs səs toplayarsa, ona itaət etmək vacibdir. Bu hədis əhli-sünnənin əqidəsinə zidd olaraq müəyyən bir şəxsi xəlifə və rəhbər təyin edir.
Әhli-sünnənin etiqadına görə Peyğəmbər (s) səhabələr arasında fərq qoymadan onların hər birini hidayət mənbəyi adlandırmışdır. Biz bu hədis barəsində söhbət açmışıq: «Mənim səhabələrim ulduzlar kimidir, hər birinin arxasınca getsəniz hidayət taparsınız».
Bu iki hədis məna baxımından bir-biri ilə ziddir. «Mənim səhabələrim...» hədisi bütün səhabələri hidayət və nicat yolu kimi təqdim edir, bəhs etdiyimiz hədis isə müəyyən bir şəxsi onlardan fərqləndirir.
Hədisin mənası isbat olunmuş bir çox mütəvatir hədislərlə ziddiyyət təşkil edir. Mütəvatir dedikdə onlarla şəxs tərəfindən nəql olunan və bütün məzhəblər tərəfindən qəbul olunan hədislər nəzərdə tutulur. Bu hədislərdən biri «Qədiri-xum» günü Әli (ə)-ın Peyğəmbər (s) tərəfindən xəlifə təyin olunduğunu bəyan edir. Biz növbəti bəhslərimizdə bu hədisin 60 əhli-sünnə kitabında təsdiq olunduğunu göstərəcəyik. 120-dən artıq mötəbər sənədi olan bir hədisin müqabilində Ömər ibni İbrahimin nəql etdiyi hədisi qəbul etmək ən azı insafsızlıqdır.
2. Әbu Hüreyrə nəql edir:
«Bir gün Cəbrail (vəhy mələyi) Peyğəmbərə (s) nazil olub dedi: Allah sənə salam göndərdi və soruşdu: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»
A. Hədisin sənədi:
Hədisin sənədində Әbu Hüreyrənin olması hədisin mötəbər olmadığını açıq şəkildə bəyan edir.
Zəməxşəri «Rəbiul-əbrar» kitabında yazır:
«Әbu Hüreyrə Siffeyn müharibəsində Әli (ə)-ın arxasında namaz qılır, yemək vaxtı Müaviyənin süfrəsində otururdu. Onun özü bu barədə deyirdi: Әlinin namazı yaxşıdır, Müaviyənin yeməkləri isə dadlı və ləzzətlidir».
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildində öz müəllimi Şeyxul-mötəzilə İmam Әbu Cəfər İskafidən nəql edir:
«Müaviyə bir dəstə səhabəyə pul verərək tapşırmışdı ki, özlərindən Әlini pisləyən hədislər uydursunlar. Onlardan biri də Әbu Hüreyrə idi.
Bir gün Әbu Hüreyrə Kufə məscidinə daxil olub ucadan dedi: Ey İraq xalqı, siz elə bilirsiniz ki, mən Peyğəmbərin (s) adından yalan danışıb özümə cəhənnəm odu qazanıram? And olsun Allaha ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu:
Hər peyğəmbərin öz hərəmi var. Mənim hərəmim Mədinə şəhəridir. Hər kəs bu şəhərdə bir hadisə törətsə Allah ona lənət etsin.....
Mən Allahı şahid gətirib deyirəm ki, Әli bu şəhərdə böyük bir hadisə törətdi. (Yəni, Әli (ə) Osmanı öldürdü).
Müaviyə bunu eşidən kimi Әbu Hüreyrəyə çoxlu mükafat verdi».
Təbəri, İbni Әsir, Әllamə Səmhudi, İbni Xəldun öz tarix kitablarında yazırlar:
«Müaviyə ibni Әbu Süfyan Bosr ibni Әrtatı Yəmən qiyamını yatırmağa göndərəndə Әbu Hüreyrəni də bu qaniçən sərkərdəyə müavin təyin etdi. Onlar qocaya, cavana, körpəyə, qadına rəhm etmədən 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər».
İbni Әsir öz tarix kitabında, İbni Səd «Təbəqat» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabında yazır:
«İkinci xəlifə Ömər, Әbu Hüreyrəni Bəhreyndə vali olduğu zaman Mədinəyə çağırdı və dedi: “Ey Allahın düşməni, mən səni Bəhreynə vali təyin edəndə ayağında çarıq yox idi. İndi eşitmişəm bahalı atlar almısan.” Ömər bu xəyanətinə görə Әbu Hüreyrəyə, belindən qan çıxanədək şallaq vurdurdu....»
Belə bir şəxsi lənətlədiklərinə görə şiələrə kafir deməkləri bəs deyil, hələ üstəlik onun hədislərinə də istinad edirlər.
B. Hədisin mətni, məna və məfhumu:
İmam Әbu Cəfər İskafi Әbu Hüreyrənin barəsində deyir: «Bizim alimlərin qənaətinə görə, Әbu Hüreyrənin ağlında çatışmazlıq olmuşdur....» (Şərhu Nəhcül-bəlağə, 1-ci cild, İbn Əbu Hədid.)
Doğrudan da Әbu Hüreyrənin uydurduğu hədislərə diqqət edəndə bu insaflı və imanlı əhli-sünnə aliminin sözünü təsdiq etməli olursan. Haqqında söhbət etdiyimiz hədisin mətninə və mənasına diqqət yetirin:
«....Allah-taala soruşur: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»
Allahın bir şəxsdən razı olması o deməkdir ki, həmin şəxs öz saleh əməlləri və ruhi keyfiyyətləri ilə belə bir məqama yetişmişdir. Müsbət ruhi keyfiyyətlərdən biri də insanın ilahi qəza və qədərdən razı olmasıdır. Yəni, mömin şəxslər Allahın bütün hökmlərinin qarşısında təslim olur və öz Rəbblərinin qəza və qədərinə razı olurlar. Yalnız bu mərhələləri keçdikdən sonra insan öz Allahının razılığını qazanmış olur. Bu hədisin mətnindən belə çıxır ki, Allah Әbu Bəkrdən razıdır, lakin Әbu Bəkrin bu məqama çatıb-çatmaması hələ məlum deyil.
Bütün qeyblərin sirrini bilən Allah Әbu Bəkrin Ondan razı olub olmadığını Peyğəmbərdən soruşur?!
«Biz insanı yaratmışıq və onun nəfsinin hansı vəsvəsələr etdiyini bilirik. Biz insana şax damarından da yaxınıq...» (Qaf-16)
Bu hədisin mənası, yəni Allah-taalanın Öz bəndələrindən məlumat alması bütün müsəlmanların əqidəsinə ziddir. Bu iki hədis əhli-sünnənin istinad etdiyi hədislərdən bir nümunə idi. Bütün hədislərin burada gətirilməsi kitabın həcminə uyğun deyil və bizi əsas məqsədimizdən uzaqlaşdırar.
Lakin ümumi şəkildə deyə bilərik ki, Әbu Bəkrin haqqında istinad olunan hədislərin əsasən sənəd etibarı ilə mötəbər olmadığını əksər əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Müqəddəsi «Təzkirətul-mövzuat» kitabında, Firuzabadi Şafei «Səfərus-səadət» kitabında, Zəhəbi «Mizanul-etidal» kitabında, Әbu Bəkr Xətib Bağdadi «Tarixu-Bağdad» kitabında bu hədislər barəsində geniş izahlar vermiş və Әbu Bəkr barəsində olan hədislərin raviləri arasında yalançı şəxslərin olduğunu bəyan etmişlər. Bəs bu hədislərin uydurulmasında məqsəd nə olmuşdur?
Bu sualın cavabını böyük əhli-sünnə alimləri Zəhəbi, Cəlaləddin Siyuti, İbni Әbil Hədid və digərləri belə vermişlər:
«Bu hədislər əsasən Әməvilər tərəfindən, xüsusilə Müaviyənin göstərişi ilə uydurulmuşdur. Onlar bu hədisləri Әbu Bəkrə qarşı olan dərin məhəbbətdən deyil, Әliyə qarşı olan kəskin düşmənçilik hissindən ilham alaraq icad edirdilər; onlar bir tərəfdən Әlini pisləyən hədislər uydurur, digər tərəfdən də yalan hədislər nəql etməklə onu Әbu Bəkrlə qarşı-qarşıya qoyurdular».
Göründüyü kimi bu hədislərin uydurulmasında nə xəlifə Әbu Bəkrin, nə də heç bir əhli-sünnə aliminin təqsiri yoxdur. Sadəcə olaraq hədislərə istinad edərkən diqqətli olmaq lazımdır.