Ramazan ayının özünə məxsus 5 xüsusiyyət və fəzilətləri hansılardır?!
Ramazan ayının özünə məxsus fəzilətləri ilə tanış olaq:
1. Aylar içində ən üstün olanıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Allahın rəhmət, bərəkət və bağışlanma ayı sizə üz tutmuşdur. Elə bir ay ki, Allah yanında bütün aylardan üstün və gündüzləri – gündüzlərdən, gecələri – gecələrdən, saatları – saatlardan üstündür. Elə bir ay ki, siz orada qonaqlığa dəvət olunmusunuz və Onun lütfündə qərar tutmusunuz”.
2. Allah Kitabının bu ayda nazil olması. İmam Sadiq (ə) buyurur: “Quranın hamısı Ramazan ayında Beytul-məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. İbrahimin (ə) səhifəsi – Ramazan ayının ilk gecəsində, Tövrat – Ramazan ayının 6-cı günündə, İncil – Ramazan ayından 12 gecə keçəndən sonra, Zəbur isə Ramazan ayının 18-də nazil olmuşdur”.
3. Orucluq tövfiqi. “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır”. (“Bəqərə” 185).
4. Qədr gecəsinə malik olması. Qədr gecəsi elə bir gecədir ki, min aydan belə üstün hesab olunmuş və onun əzəməti haqqında Quranda surə nazil olmuşdur: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir”. (“Qədr” 3-5).
5. Quranın baharıdır. İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır, Quranın baharı – Ramazan ayıdır”. /Deyerler.