İmam Rza (ə) iftar zamanı nə cürə dua etməyi tövsiyə edir?!
“İlahi! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə, verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla”.
Nəql edilir ki, İmam Rza (ə) nə zaman Ramazan hilalını görərdi, üzü qibləyə əyləşir və əllərini səmaya qaldırardı. Allaha dua edərdi ki, ona oruc tutmaq tövfiqini, sağlam bədən və Allaha itaət etməyi nəsib etsin.
İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”.
Muhəmməd ibni Sənan İmam Rzaya (ə) orucun fəlsəfəsi haqqında sual verir və Həzrət (ə) buyurur: “Orucun səbəbi - aclıq və susuzluq ağrısını dərk etməkdir ki, bəndə zəlil, yalvaran və səbirli olsun. Axirətin şiddətini başa düşsün. Bununla yanaşı, oruc zamanı nəfsani meyillər sınar. Axirət üçün bir moizədir və dünya və axirətdə yoxsul insanların halından agah olmaqdır”./Deyerler.