Qəflətdə olub-olmadığımızı haradan bilək?
Bizlər haradan bilək ki, qəflətdəyik, ya yox? Eyni bu sualı Peyğəmbərə (s) və Məsumlara (ə) da verərdilər. Bir neçə xüsusiyyətlər var ki, əgər onlar bizdə davamlı olsa, narahat olmalıyıq ki, bu xəstəliyə yoluxmuşuq.
Peyğəmbərimizin (s) hüzuruna bir məsihi gəlir, qafillərin, qəflətdə olanların əlamətlərini soruşur. Peyğəmbərimiz (ə) ona qəflətdə olanların dörd əlamətini təqdim edir. Birinci əlamət – korluqdur. Söhbət fiziki korluqdan getmir. Adam ola bilər ki, fiziki əlil olsun, amma bizdən də yaxşı görsün. Varlıq aləminin koru – o şəxsdir ki, həqiqətlərdən kor qalıb. Bu xəstəlik hər birimizdə ola bilər. Bəzən həqiqətlər göz qabağındadır, amma görmür. Kərbəlada Aşura günü o müsibətlər ona görə yaşandı ki, insanlar göz qabağında olan sadə həqiqətləri görə bilmədilər. Deməli, qəflətin ən ciddi xüsusiyyətlərindən biri – vücudi korluqdur.
Qəflətin ikinci xüsusiyyəti budur ki, insan o yerdə ki, bir məsələyə diqqət etməlidir, o məsələyə diqqət etməz. Unutmaq və ya bilməmək buna səbəb olmaz. Amma, insan fərqinə varmasa, diqqət etməsə və əgər bir insanda bu hal davamlı olursa – demək ki, qəflətdədir. Misal üçün insan bilir ki, Ramazan ayında necə davranmalıdır, bunu unutmayıb da. Sadəcə olaraq buna etina etmir, diqqət göstərmir.
Üçüncu xususiyyət isə insanın ləhv, mənasız işlərin dalınca getməsidir. İnsan heç bir nəticə olmayan, ani ləzzətləri olan işlərin dalınca davamlı olaraq gedirsə, demək ki, qəflətdədir. Bu hal insanda davamlıdırsa, deməli qəflət halındadır.
Dördüncü xüsusiyyət isə nisyan halıdır. Nisyan budur ki, insan nəyisə bilirdi, indi unudub, ona görə də diqqət etmir. O qədər başı dünyaya qarışıb ki, bildiyi şey də xatirəsindən çıxıb, ona görə də diqqət etmir və önəm vermir. Peyğəmbərimiz (s) bu dörd xüsusiyyəti sayır: korluq, diqqətsizlik, ləhv və nisyan.7deyerler