Müqəddəs İslam dinində sədəqə verməyin 6 qaydası hansılardır?!
Deyerler.org: Müqəddəs İslam dinində sədəqə verməyin xüsusi əhəmiyyəti və yeri vardır. Quran bizlərə sədəqə verməyin ədəbini və keyfiyyətini tanıdır. İslam dinində iki cür sədəqə vardır: vacib sədəqə: zəkat kimi və müstəhəb sədəqə: infaq kimi.
Müstəhəb sədəqənin ədəbi ilə tanış olaq:
1. Ən pak maldan olmalıdır. Hədislərimiz buyurur ki, verdiyin sədəqə ən pak və ən sevimli malından olmalıdır. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından(Allah yolunda) xərcləyin (infaq edin) və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267). “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə (infaq etməyincə) əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz”. (“Ali-İmran” 92).
2. İlk olaraq yaxın qohumlara vermək. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın yaxın qohumları möhtac olan halda başqalarına sədəqə verməyə yer yoxdur”. Başqa bir hədisdə oxuyuruq: “Yaxın qohumlara sədəqə vermək sədəqənin savabını ikiqat edər”.
3. Yoxsuldan dua etməsini istəmək. İmam Əli (ə) buyurur: “O zaman ki, yoxsula bir şey verirsiniz ondan istəyin ki, sizin üçün dua etsin, çünki onun sizinlə bağlı etdiyi dua qəbul olar”.
4. Minnət qoymadan vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən Allah Təala 6 sifəti mənə rəva bilməmişdir və onları övladlarımdan olan canişinlərimə və davamçıları üçün də rəva bilməmişdir. Sədəqə verəndən sonra minnət qoymaq (onlardan biridir)”.
5. Yoxsul istəməzdən əvvəl sədəqə vermək. İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl olan bəxşiş, istəməkdən əvvəldir. Ancaq o şey ki, sual və xahiş edildikdən sonra verilər – sənin qarşında tökülən abırın mükafatıdır”.
6. Yoxsulun üzünə baxmamaq. Məsumlarımızın (ə) həyatına nəzər salan zaman görmək olur ki, onlar sədəqə verən zaman bu işi ya qapı arxasından edərdilər, ya da həmin şəxsin üzünə baxmazdılar./Deyerler