Qurani-Kərim çətinlikdən xilas olmaq üçün hansı 3 tapşırığı tövsiyə edir?!
Quran bizlərə bəladan uzaq olmaq üçün yollar tövsiyə etmiş və çətinliyə düşən hər kəsə ümid vermişdir. Buyurmuşdur ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gələcəkdir. Allah Təala çətinlikdən uzaq olmağın yollarından birini günahdan çəkinməkdə görür.
“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq” 2-3).
Uca Allahın tövsiyə etdiyi başqa bir yol isə namaza təvəssül etməkdir. Hədislərdə oxuyuruq ki, nə zaman İmam Əli (ə) çətinliyə düşsə idi, namaz qılar və namaz vasitəsilə yardım istəyərdi.
Müsibət və bəlalar insanların səbir və müqavimətini gücləndirər, insanı inkişaf etdirər. İnsan əldə etdiyi fəzilətli sifətlərin çoxuna məhz bəla vasitəsilə nail olar. O cümlədən: riza, səbir, təslim, qənaət, zahidlik, təqva, mülayimlik, fədakarlıq... (Tebyan)
Çətinlikdən çıxmağın ən yaxşı yolu – tövbə və istiğfardır. Allah Təala Qurani-Kərimdə buyurur: “(Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»”. (“Nəml” 46).
Bu ayə buyurur ki, əgər tövbə etsəniz, Allah sizi bağışlayacaq və bəlanı sizdən uzaqlaşdıracaqdır.
Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər), Allah onlara əzab verən deyildir.
(İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin Kitab əhlinə aid olmasına dəlalət edir)”. (“Ənfal” 33).
Beləliklə deyə bilərik ki, Qurani-Kərim bizlərə çətinlikdən xilas olmaq üçün 3 yolu tövsiyə etmişdir:
1. Günahdan uzaq olmaq.
2. Namaza təvəssül etmək.
3. Tövbə və istiğfar etmək./Deyerler.