İnsanı Allahdan uzaqlaşdıran və cəhalətə çəkən 4 amil hansılardır?!


Bəzi amillər vardır ki, insanın cahil və nadan olmasına səbəb olur. Bu amillər imkan vermir ki, insan öz əqli və qəlbi qüvvələrindən istifadə edib, həqiqətləri dərk edə bilsin. Cəhalətə səbəb olan mühüm amilləri tanıyaq.

1. Ətraf mühit. İnsan onu əhatə edən ictimai, ailə, siyasi mühitdə böyüyər və inkişaf edər. Quranın nəzərinə görə, səhrada yaşayanlar və şəhər mühitindən uzaq olanlar İlahi qanunlardan xəbərsiz olarlar. Çünki bu insanlar ətraf mühitinin təsiri altına düşərlər və elmlərini artırmaqdan bəhrəsiz qalarlar. Ona görə də deyə bilərik ki, səhrada yaşamaq, təcrid olunmuş mühitdə yaşamaq, şəhər mədəniyyətdən uzaq olmaq insanın cəhalət amili ola bilər.

2. Ağlın xəstə olması və ürəyin ölməsi. İnsanın ağıl və ürəyi elm öyrənmək üçün ən mühüm vasitələridir. İnsan hiss orqanlarından o zaman düzgün istifadə edə bilər ki, ağıl və qəlb qüvvəsi ona yardım etsin. Əgər etməzsə, insan cahil və nadan olaraq qalar. Quranın nəzərinə görə ağıl xəstəliyi və ürəyin ölməsi insanın cahil olmasının ən mühüm amilidir. Ona görə də əmr edir ki, özünüzü müalicə edin və cəhalətdən xilas olun. “Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq)». Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi”. (“Tövbə” 127).


3. Zikrdən uzaq olmaq. Quranın nəzərinə görə İlahi zikrdən bəhrələnməmək və İlahi ayələrdən uzaq olmaq insanın qəlbinə möhür vurulmasının səbəblərindən biridir. Bu insanlar İlahi ayələri inkar etdikləri üçün Allah onların qəlblərini öldürmüşdür. Həqiqi elm yolu üzlərinə bağlanmışdır. Bu insanlar cahil və nadan olaraq qalıblar.


4. Şeytan (lən) və şeytani əməllər. Qurani-Kərim şeytanı aşkar düşmən adlandırır. Quran buyurur ki, insan əgər şeytana boyun əyərsə və onun ardınca gedərsə, elm yolu üzünə bağlanar və cahil qalar. Şeytan öz hədəfinə çatmaq üçün elm yollarını bağlamaq kimi üslublardan istifadə edər. Bu yollardan biri – insanı çirkin işlərə tərəf təşviq etməsidir. Ona görə də bu insanların həm danışıqları və həm də rəftarları çirkin olar.

İnsan hər nə qədər cahil olarsa, bir o qədər haqdan uzaqlaşar. Halbuki, insan elmli olarsa və ona əməl edərsə, başqa elmlərin qapısı üzünə açılar və insan ürfan, şuhud elmləri ilə tanış olar.

Ayətullah Behcət buyurur ki, elm və biliyin yolu odur ki, bildiklərinə əməl edəsən. Əgər bildiklərinə əməl etsən, Allah sənə bilmədiklərini öyrədəcəkdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter