Çətinliklərin asan olması üçün nə edək?
“Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir”. (“Təlaq” 3).
Bütün insanlar həyatları boyu kiçik və böyük çətinliklərlə üzləşirlər. Onların bəziləri hətta insanı sındırır və həyatdan küsdürür.
Ancaq təqvalı insanlar səbir etdikləri üçün bu çətinliklər onlar üçün asan olar. “Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər”. (“Təlaq” 4).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünyaya rəğbətsiz olar, çətinliklər onun üçün asan olar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə Əbuzərə buyurur: “Mən elə ayə bilirəm ki, əgər insanlar ona çəng vursalar, onlara kifayət edər. O, ayə budur: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2)”.
Təfsirçilərin nəzərinə görə bu ayə Peyğəmbərin (s) dostu olan Auf ibni Malik haqqında nazil olmuşdur. İslam düşmənləri onun oğlunu əsir götürmüşdülər. O, Peyğəmbərin (s) yanına gəlir və bu mövzuya görə Həzrətə (s) şikayət edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Təqvalı ol və səbirli ol. Bu zikri çoxlu de: “Lə həulə və lə quvvətə...”.
Birdən əyləşdiyi yerdə oğlu içəri girdi və məlum oldu ki, düşmənin bir dəqiqəlik qəflətindən istifadə edərək, qaçmışdır. Özü ilə düşmənin dəvəsini də gətirmişdir.
Ancaq bu, o demək deyildir ki, insan əyləşdiyi yerdə çətinlikdən çıxacağını gözləsin. Xeyr, bəlkə Allaha ümid bəsləyərək, çətinlikdən çıxış yolunu axtarmalıdır.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “O zaman ki, “Təlaq” surəsinin 3-cü ayəsi nazil oldu, hamı qapısını bağlayıb evində ibadətlə məşğul olmağa başladı.
Dedilər ki, Allah ruzimizi Öz öhdəsinə götürmüşdür.
Bu mövzu Həzrət Peyğəmbərin (s) qulağına gəlib çatır və onların yanına adam göndərir. Deyirlər: “Ey Allahın Rəsulu! Allah bizim ruzimizə vəkil olduğu üçün, biz də ibadətlə məşğul oluruq”.
Həzrət (s) buyurdu: “Hər kim belə edərsə, duası qəbul olmayacaqdır və hacəti yerinə yetməyəcəkdir. Hər kim təqva irəli sürərsə, Allah işləri onun üçün asan edər”. (Beytutə)
“Amma kim (öz malından və var-dövlətindən Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7)./Deyerler.