Hz Peyğəmbərin (s) zöhd və ibadətini nə həddə tanımaq mümkündür?! Tarixi hadisələr


Cəfər ibn Əhməd Qumi \"Zuhdun-Nəbi\" kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı.

Əllamə Məclisi özünün \"Biharul-ənvar\" kitabında Aişədən belə nəql edir: \"Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.\"

Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: \"Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?

Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?\"

\"Üsuli-kafi\" kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur.\"

Həmçinin \"İləlüş-şərayi\" kitabında Ənəs ibn Malikdən rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"Mənim üçün gecə yarısı iki rükət namaz qılmaq dünyadan və dünyada olanların hamısından daha əzizdir.\"

Seyyid ibn Tavus \"İqbal\" kitabında yazır: \"Mübarək Ramazan ayı gəldikdə Peyğəmbər (s)-in halı dəyişərdi, çoxlu namaz qılar, dualarda çoxlu ahu-zar edərdi. Allahdan qorxma halı aşkar görünərdi.\"

\"Məcmueyi-Vərram\" kitabında rəvayət edilmişdir ki, hər hansı bir iş Peyğəmbər (s)-i qəmgin və pərişan etsəydi namaz qılmaq və oruc tutmaqla o qəmin aradan getməsini istəyərdi.

Məhəmməd ibn Süleyman İmam Cəfər Sadiq (ə)-dan və İmam Rza (ə)-dan nəql edir ki: \"Biz İmamdan Ramazan ayında necə namaz qılmaq və Peyğəmbər (s)-in bu ayda nələr etməsi haqqında soruşduqda buyurdu: Ramazan ayının birinci gecəsi gəldikdə Allahın Rəsulu (s) məğrib namazını və onun dörd rükət nafiləsini hər gecə məsciddə qılardı, bunun ardınca ayağa qalxar və daha on iki rəkət namaz qılardı. Sonra evə gedərdi.

Camaat o həzrətin çoxlu namaz qılmasının səbəbini soruşarkən buyurardı: \"Əlbəttə, bu namazlar Ramazan ayının başqa aylardan fəzilətli olması üçündür.\" Sabahkı gecə namaz qılmaq üçün Peyğəmbər (s) ayağa qalxdı, camaat o həzrətin arxasında namaz qılmaq üçün sıraya düzüldülər. Peyğəmbər (s) buyurdu: Ey camaat! Bu nafilə namazlarıdır, nafiləni camaatla qılmaq olmaz, hər biriniz ayrıca öz namazlarınızı qılın. Allah Taala sizə necə öyrədibsə eləcə də qılın və bilin ki, müstəhəb namazları camaatla birgə qılmazlar.

Bundan sonra hərə bir tərəfə dağılışdı və öz namazlarını qılmağa başladılar. Elə ki, Ramazan ayının on doqquzuncu gecəsi gəldi, o həzrət gün batan vaxt qüsl etdi, sonra məğrib namazını qıldı. Daha sonra dörd rəkət namaz qıldı və evə getdi. Elə ki, Bilal işa namazının azanını dedi, Allahın Rəsulu (s) gəlib camaatla işa namazını qıldı, sonra oturaq halda iki rəkət işa namazının nafiləsini qıldı, sonra ayağa qalxdı və Qədr gecəsinin yüz rəkət xüsusi namazını qıldı, hər rəkətdən sonra on dəfə İxlas surəsini oxuyurdu. Bu namazları da bitirdikdən sonra on bir rükətlik gecə namazını qılmağa başladı. İyirminci gecədə məğrib namazından sonra səkkiz rəkət və işa namazından sonra on iki rəkət Ramazan ayının məxsus nafiləsini qıldı. İyirmi birinci gecə günəş batan zaman qüsl etdi və on doqquzuncu gecədə etdiklərini bu gecə də etdi. İyirmi ikinci gecədən etibarən öz namazlarını çoxaltmağa başladı. Belə ki, məğrib namazından sonra səkkiz rəkət, işa namazından sonra isə iyirmi iki rəkət xüsusi nafilə namazını qıldı. İyirmi üçüncü gecə gəldikdə yenə də günəş batan zaman qüsl etdi. On doqquz və iyirmi birinci gecədə etdiyi ibadətləri yerinə yetirdi.\"

İmam (ə)-dan Peyğəmbər (s)-in ayrıca hər gün qıldığı əlli rəkət nafilə namazı haqqında soruşduq. İmam (ə) buyurdu: \"Peyğəmbər (s) başqa aylarda qıldığı əlli rəkət nafilə namazını Ramazan ayında da qılar və ondan əskiltməzdi.\"

\"Sünənün-Nəbi\" səh: 244-247.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter